Gəncədə kütləvi ixtisaslar törətməkdə ittiham olunan Cabir Əzimov, Gülmirzə Nurzadə, Riya Nurizadə, Fikrət Mirzəliyev, Eyruz Hacıyev, Səbuhi Rəcəbov, Elman Quliyev və Sabir Əzizovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslərin barəsində toplanmış cinayət işi üzrə material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Məhəmməd Bağırovun icraatına verilib.
Yaxın günlərdə cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə ittiham edilirlər.
Cinayət işi üzrə 17 nəfər zərərçəkmiş var.
Qeyd edək ki, bundan əvvəl daha iki qrupun cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Maarif Hacıyev, Şahlar Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Seymur Əliyev, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Araz Həsənov və Vaqif Əşrəfovun barəsində olan cinayət işi baxılması üçün hakim Faiq Mahmudovun icraatına verilib.
Kamal Quliyev, Raul Süleymanov, Kamal Məmmədtağıyev, Rauf Qurbanzadə, Samir İbrahimov, Mireşqin Seyidov, Əli Rzayev, Xəyal Qafarov, Qadir Hüseynov, Vüqar Allahverdiyev və Ülvi Həsənovun cinayət işi araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.
Qeyd edək ki, 2018-ci il iyulun 10-da Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi, o cümlədən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, iki polis zabitinin qəsdən öldürülməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar törədilməsinə görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanılaraq istintaq aparılır.
Ötən müddətdə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş tədbirlərlə Maarif Hacıyevin və Xəyal Qafarovun, onlar ilə eyni cinayətkar niyyətləri və radikal dini baxışları bölüşən Şahlar Rzayev, Rəşad Böyükkişiyev, Kamal Quliyev və digər şəxslərlə cinayət əlaqəsinə girib sosial şəbəkələrdə, şəxsi görüş və söhbətlərdə zorakılıqlara və kütləvi iğtişaşlara çağırış xarakterli məlumatlar yaymaları, bu məqsədlə insanları iyulun 10-da saat 20.00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydana toplamaq barədə çağırışlar yaymalarına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, bu il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açılaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Hüquq-mühafizə orqanlarının birgə məlumatında fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirildiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib.
Bundan sonra iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.
Bu cinayət işləri üzrə təqsirli bilinən şəxslər həbs edilib və onların barələrində ayrı-ayrı icraatlarda istintaq hərəkətləri aparılır.