Bakıda dələduzluq və vergidən yayınmaqda təqsirləndirilən Xanlar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Xanlar Cəfərova 5 il 9 ay müddətinə şərti cəza verilib. O, məhkəmə zalında azadlığa buraxılıb.
İttihama görə, Xanlar Cəfərov külli miqdarda dələduzluqda və 1 milyon manatdan çox vergidən yayınmada təqsirləndirilir.
O, rəhbəri olduğu "Avro Qrand" şirkəti vasitəsi ilə Binəqədi rayonu Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib.
Xanlar Cəfərov nəğd ödənişlə vətəndaşlara mənzillər satsa da, həmin mənzillər sahiblərinə verilməyib.
Tikintinin yarımçıq qaldığını görən sakinlər araşdırma aparmağa başlayıblar.
Bir müddət sonra onlar müəyyən ediblər ki, şirkətin rəhbəri eyni mənzili bir neçə şəxsə sataraq onları aldadıb. Sonuncu dəfə ikiotaqlı mənzili ucuz qiymətə növbəti şəxsə satarkən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Cinayət işində 24 zərərçəkmiş var.