Qaradağ Metal Konstruksiya zavodundakı faciə ilə əlaqədar istehsalat rəisi həbs edilib.
Teleqraf.com axar.az-a istinadən xəbər verir ki, iyulun 18-də bir fəhlənin ölümü, birinin ağır yaralanması ilə nəticələnən faciə ilə əlaqədar artıq cinayət işi başlanıb.
Bakı Şəhər Prokurorluğunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Günel Məmmədova faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2 maddəsi ilə cinayət işi başlanıldığını bildirib:
“İş üzrə Yusifov Hafiz Məhərrəm oğlu tutularaq istintaqa cəlb olunub. Barəsində Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.
Qeyd edək ki, iyul ayının 18-də Qaradağ Metal Konstruksiya zavodunda faciəvi hadisə baş vermişdi. İki nəfər fəhlə tikinti maşınının səbətində zavodun havalandırma sistemini tənzimləyən zaman maşın işə salınmış və yerindən tərpənmişdi. Bu zaman müvazinətini saxlaya bilməyən hər iki fəhlə səbətdən yıxılmışdı. Fəhlələrdən biri hadisə yerindəcə keçinmişdi, digəri isə ağır vəziyyətdə xəstəxanaya aparılmışdı.