8 Yanvar 2019 13:25
1 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda qısqanclıq zəminində qətl törətməkdə təqsirli bilinən rayon sakinləri - 1971-ci il təvəllüdlü Arzuman Abdinov və onun 1979-cu il təvəllüdlü qardaşı Mülayim Abdinovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Arzuman Abdinov 2014-cü ilin iyul ayının əvvəllərində Rusiyadan rayonunun Ərkivan qəsəbəsinə qayıdıb.

O, geri döndükdə qonşusu Pünhan Şiriyevin bacısı Nargilə ilə mütəmadi telefonla danışıb, münasibət saxladığını öyrənib.

31 iyul 2014-cü il tarixdə saat 20 radələrində Arzuman özünün, qardaşı Mülayimin ailə üzvləri və Nargilə ilə birlikdə Masallı rayonunun İstisu istirahət zonasına “Cənnət bağı” restoranına gəlib.

Arzuman və qardaşı yeyib-içdikləri və sərxoş olduqları vaxt Pünhan Şiriyev dəvət edilmədiyi halda yeməkxanaya gəlib. Pünhan onlarla bir masaya oturduqda Arzuman onun bacısı ilə görüşmək üçün gəldiyini düşünüb. Bu hərəkətdən qəzəblənərək Pünhanı öldürməyi qərara alıb.

Arzuman gecə saat 1 radələrində Ərkivan qəsəbəsinə, evə qayıtdıqdan sonra Pünhanın bacısı ilə münasibətləri barədə Mülayim Abdinova məlumat verib, onu öldürmək niyyətini bildirib. İki qardaş qətli razılaşdırıblar.

Abdinov qardaşları söhbət etmək bəhanəsi ilə Pünhanın idarə etdiyi VAZ-2106 markalı avtomobilə əyləşiblər.

Onlar Pünhandan Ərkivan qəsəbəsində yerləşən Su-Kanal İdarəsinin yanına sürməyi tələb ediblər.

Yolda avtomaşında yaranmış mübahisə zamanı Mülayim bir neçə dəfə yumruqla Punhanın sifətindən vuraraq avtomaşını idarə etməkdən kənarlaşdırıb.

Bundan sonra sükan arxasına keçən Arzuman maşını Su-Kanal İdarəsinin yanına sürüb. Orada Pünhanı avtomobildən düşürüblər. Qardaşlar Pünhanı qəddarcasına döyüblər, yumruq və təpiklə onun başına və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbə vurublar.

Pünhanın huşsuz vəziyyətə düşdüyünü görüb, onun öldüyünü düşünüblər.

Daha sonra Abdinov qardaşları Pünhanı huşsuz vəziyyətdə avtomobilin arxa oturacağına ataraq hadisə yerindən uzaqlaşıblar.

Pünhanı avtomobilin arxa oturacağında oradan keçənlər tapıb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onu xəstəxanaya aparıblar.

Xəstəxanada tibbi yardım göstərilsə də, Pünhanın həyatını xilas etmək mümkün olmayıb. Avqustun 10-da xəstəxanada vəfat edib.

Arzuman və Mülayim Abbdinov qardaşlarına Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham verilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan hökmün ləğvini və daha yüngül cəza ilə əvəz edilməsini xahiş ediblər.

Pünhan Şiriyevin həyat yoldaşı da apelyasiya şikayəti verib. Zərərçəkmişin hüquqi varisi qeyd edib ki, Abdinov qardaşları barəsində daha ağır cəza təyin edilməlidir.

Şirvan Apelyasiya Məhkəməsində hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Təqsirləndirilən şəxslərin və zərərçəkmiş tərəfin şikayəti təmin edilməyib.

Qeyd edək ki, bu qərardan narazı qalan zərərçəkmiş tərəf kasasiya şikayəti verib. Şikayətə bu günlərdə Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə baxılıb və əsassız hesab edilib.

Ali Məhkəmə zərərçəkmişin hüquqi varisinin şikayətini təmin etməyib. Həmin dövrdə Abdinov qardaşları şikayət verməyib.

Bu səbəbdən hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiya Abdinov qardaşları ilə bağlı şikayəti araşdırmayıblar.

Abidnov qardaşları Ali Məhkəməyə bu günlərdə müraciət ediblər. Vəkilləri vasitəsi ilə yuxarı instansiyaya üz tutan Abdinovlar işə yenidən baxılmasını, ədalətli qərar qəbul edilməsini istəyiblər.

Mülayim Abdinov günahsız olduğunu iddia edib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Digər təqsirləndirilən şəxs isə əməlinin Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsinə tövsüf edilməsini istəyib.

Hər iki qardaşın şikayətinə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarını ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul olunub.

Cinayət işi Şirvan Apelyasiya Məhkəməsinə göndərilib və hakim Etibar Camalovun icraatına verilib.

İş araşdırlması üçün yanvarın 17-nə təyin edilib.


Müəllif: Hacı Zeynalov