8 Yanvar 2019 14:08
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən Şəmkir rayon sakini, 1991-ci il təvəllüdlü Vüqar Mustafalının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Vüqar Mustafalı həmyerlisi Xəyal Əliyevin vasitəçiliyi ilə 2015-ci ilin iyununda Gəncə şəhərinin “Univermaq” deyilən ticarət mərkəzində telefon satışı ilə məşğul olan Emin Əliyevdən hər ay 55 manat ödəniş etməklə “Samsung G530” markalı mobil telefon alıb.

Amma Vüqar həmin ilin sentyabr ayı üçün aylıq ödənişi edə bilməyib. Bu səbəbdən oktyabrın 1-də, saat 22 radələrində Xəyal Əliyev onun olduğu çayxanaya gəlib və dayısı oğlu İlkin Kamalzadə ilə əvvəlcədən razılaşdığı qaydada danışmaq adı ilə telefonu alıb.

Onlar birlikdə həmkəndlisi Ramiz Məmmədovun idarə etdiyi BMW markalı avtomaşınla pivə içmək üçün rayonun Çaparlı kəndində yerləşən çayxanaya gediblər.

Bundan əsəbiləşən Vüqar Mustafalı telefonunun qaytarılması üçün Xəyal Əliyevə zəng edib. O, Xəyal ilə danışsa da, razılıq əldə edə bilmədiyindən aralarında narazılıq yaranıb.

Bu səbəbdən Vüqar Mustafalı yaşadığı evə gedərək bıçaq götürüb və təkrar çayxanaya qayıdıb. Həmin vaxt orada olan həmkəndliləri Saqif Kamallı və Rza Qasımlı ilə görüşərək birlikdə piyada Çaparlı kəndi ərazisindəki “artezian” olan əraziyə gedib.

Vüqar Mustafalı oradan Ramiz Məmmədovla əlaqə saxlayıb. Sonra Ramiz idarə etdiyi avtomaşınla həmin yerə gəlib, onları Xəyal Əliyev və İlkin Kamalzadə ilə əyləşdikləri çayxanaya aparıb.

Çayxanada gecə saat 11 radələrinə kimi oturduqdan sonra Ramiz Məmmədovun idarə etdiyi avtomaşınla Şəmkir rayonu Keçili kəndində yoncalıq deyilən yerə gediblər.

Orada Vüqar Mustafalı kəndlilərindən ayrılaraq Xəyal Əliyevlə əkin sahəsinə doğru gedib. O, telefonunu təkrar tələb etsə də, Xəyal Əliyev telefonu qaytarmayıb.

Aralarındakı mübahisə zəmnində Vüqar əvvəlcədən özü ilə götürdüyü bıçaqla Xəyal Əliyevə 17 zərbə vurub.

Səs-küyə gələn həmkəndliləri Vüqarın növbəti dəfə bıçaq zərbəsi vurmasının qarşısını alıblar. Xəyal hadisə yerində olan şəxslərin köməkliyi ilə xəstəxanaya aparılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün Xəyalın həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Vüqar Mustafalının barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar Mustafalı bildirib ki, Xəyal Əliyevin mobil telefonunu aldadaraq götürüb və qaytarmaması ona çox pis təsir edib:

“Bu səbəbdən aramızda mübahisə yarandı. Xəyalı öldürmək məqsədilə bıçaq xəsarətləri yetirmişəm. Hadisəni törətdiyim vaxt Ramiz, İlkin, Rza və Saqif bizdən təxminən 10 metr aralıda olublar. Onlar bizə fikir verməyiblər. Hava qaranlıq olduğundan Xəyala xəsarətlər yetirməyimi onlar görməyiblər”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Mustafalı 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Vüqar Mustafalı apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini istəyib.

Vüqar Mustafalı himayəsində iki azyaşlı uşağın olmasının nəzərə alınmasını, barəsində həbs olmayan cəza növünün təyin olunmasını xahiş edib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Vüqar Mustafalının apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Vüqar Mustafalı kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib.

Qərara görə, Vüqar Mustafalının kasasiya şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov