11 Yanvar 2019 11:11
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bastainfo.com” saytının baş redaktoru, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə Mustafa Hacıbəylinin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Mustafa Hacıbəylinin vəkili Osman Kazımov vəsatətlə çıxış edib. O, cinayət işinə xitam verilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin baxış iclası yanvarın 22-nə təyin edilib.

Mustafa Hacıbəyli Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Mustafa Hacıbəylinin barəsində ötən ilin yayında cinayət işi başlanıb. O, Gəncədə baş verən ixtişalardan sonra rəhbərlik etdiyi saytda silsilə yazılar dərc edib.

Mustafa Hacıbəylinin barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov