12 Yanvar 2019 12:22
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi qanunsuz təşkil olunan dini yığıncağın iştirakçılarının saxlanılması barədə açıqlama yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları yanvarın 10-da Binəqədi rayonu ərazisindəki evlərin birində əməliyyat tədbiri keçiriblər.

Nəticədə Rusiya Federasiyasının vətəndaşları olan 9 nəfərin həmin ünvanda qanunsuz dini yığıncaq təşkil etmələri müəyyən edilib.

Evə baxış zamanı 5 ədəd dini təyinatlı ədəbiyyat (xristianlığı təbliğ edən kitab), 113 ədəd CD disk və 28 000 ədəd vizit kart aşkar edilərək götürülüb.

Onlar barəsində Azərbaycan Respubublikası İnzibati Xətalar Məcəlləsinin 515-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsi ilə protokol tərtib edilib və həmin şəxslər ölkə hüdudlarından kənara çıxarılıblar.

Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov