12 Yanvar 2019 15:19
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, polis şöbəsinə rayonun Yeni Yaşayış Massivi və ətraf ərazilərdən axşam saatlarında ev quşlarının oğurlanması ilə bağlı bir neçə məlumat daxil olub.

Bildirilir ki, yanvarın 10-da, axşam saatlarında rayonunun mərkəzində - Ə. Abdullayev küçəsində xidmət aparan polis əməkdaşlarının diqqətini əlində iki hind toyuğu ilə gedən şəxs cəlb edib.

Onun rayonun Əliqasımlı kənd sakini, əvvəllər məhkum olunmuş Rəfail Həsənov olduğu müəyyən edilib və ev quşlarını elə həmin ərazidə yaşayan Ş.Həbibova məxsus təsərrüfatdan oğurladığı məlum olub.

Rayon polis şöbəsinə gətirildikdən sonra o, digər bu cür əməllərini də etiraf edib, ev quşlarını özünəməxsus üsulla oğurladığını bildirib.

Belə ki, Rəfail Həsənov axşam saatlarında vətəndaşlara məxsus təsərrüfatlara daxil olaraq, özü ilə gətirdiyi dəni özünə yaxın məsafəyə səpirmiş. Beləcə, dənə görə ona yaxına gələn ev quşlarını həmin an tutaraq oradan uzaqlaşırmış.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov