16 Yanvar 2019 12:17
2 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bacısının ərini öldürməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Sənan Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sənan Cəfərovun bacısı Samirə Qəhrəmanova 28 iyun 2015-ci il tarixdə həyat yoldaşı Radin Qəhrəmanov tərəfindən heç bir əsaslı səbəb olmadan döyülüb.

O, acıq edərək atası evinə qayıdıb, bir aya yaxın atasıgildə qalıb.

Radin Qəhrəmanov dəfələrlə Samirənin dalınca gəlib, onu barışaraq evinə qaytarmaq istəyib. Amma qadın barışmaq istəmədiyini, ərini bağışlamadığını deyib.

Kürəkənin gecə yarısı basqını

Bu hərəkətlərinə görə Sənan Cəfərov bacısının yoldaşı Radin Qəhrəmanovdan narazı qalıb.

İyulun 2-də gecə saat 4 radələrində Radin Qəhrəmanov Samirəgilin evinin qarşısına gəlib, gecə vaxtı olmasına, binada yaşayan şəxslərin yatmasına əhəmiyyət verməyib. O, uca səslə Samirənin onunla barışaraq evinə qayıtmasına ailəsinin mane olduğunu bildirib. Daha sonra evin qapılarını təpiklə vuraraq Sənanı və ailə üzvlərini nalayiq sözlərlə təhqir edib.

Polis iltizam alsa da, əməlindən çəkinmədi

Radinin bu hərəkətləri barədə polisə məlumat verilib. Əraziyə gələn polis əməkdaşları onu tutaraq bölməyə aparıblar. Onunla profilaktik söhbət olunub və o, sərbəst buraxılıb.

Radin Qəhrəmanov gecə saat 5:30 radələrində yenidən geri qayıdaraq uca səslə Sənan Cəfərov və ailə üzvlərini söyüb təhqir edib.

Sənan Cəfərov yeznəsinin bu hərəkətini özünə və ailəsinə hörmətsizlik, ailəsinin şərəf və ləyaqətinin qonşuların yanında alçaldılması kimi qiymətləndirib.

Mübahisə və təhqir

O, Radin Qəhrəmanovla sözlə mübahisə edib. Sənanın bacısının əri ilə mübahisə etməsinə baxmayaraq, valideynləri onun evdən çıxmasına imkan verməyiblər. Buna görə o, Radinlə dalaşa bilməyib.

İyunun 2-də saat 13 radələrində Radin Qəhrəmanov Sənan Cəfərova zəng edib. O, gecə bacısını müdafiə etdiyi üçün yenidən Sənanı təhqir edib, münasibətlərini aydınlaşdırmaq üçün israrla görüş təklif edib.

Onlar görüşmək barədə razılığa gəliblər.

Qətl planı

Sənan Cəfərov Radin Qəhrəmanovun bacısı Samirəni heç bir əsas olmadan döydüyü, onu və ailə üzvlərini davamlı şəkildə təhqir edərək alçaltdığı üçün bunları özünə, ailəsinə hörmətsizlik kimi qiymətləndirib.

Sənan yeznəsini qisas almaq məqsədi ilə öldürmək qərarına gəlib.

Yeznə-qayının mübahisəsi

Sənan Cəfərov niyyətini həyata keçirmək üçün həmin gün saat 13 radələrində Gəncə şəhərindəki “Azərmətbuatyayım”ın 23 saylı köşkündən 5 manata turist bıçağı alıb. O, saat 14:30 radələrində Radin Qəhrəmanovla görüşmək üçün razılaşdıqları Gəncə şəhərindəki Bağbanlar küçəsi ilə Mehrablı küçələrinin kəsişməsində yerləşən 8 saylı orta məktəbin qarşısına gəlib.

Söhbət zamanı Sənan Cəfərov yeznəsinə onu və ailə üzvlərini nalayiq söyüşlərlə təhqir etdiyi üçün irad tutub. Radin isə hərəkətlərinə haqq qazandırıb. Sənan onun özünü haqlı bilməsindən, həmçinin üzünə qarşı yenidən nalayiq ifadələr işlətməsindən daha da hiddətlənib.

Amansız qətl

Bu zaman Sənan Cəfərov özü ilə gətirdiyi bıçağı çıxarıb. Bıçağı görən Radin özünü müdafiə etmək üçün hər iki qolunu sinəsi üzərində çarpaz vəziyyətə gətirib.

Sənan isə onun zərbələrdən yayınması və qaçmasının qarşısını almaq istəyib. Sol əli ilə Radinin sağ çiynindən tutub və sol döş qəfəs nahiyəsinə ardıcıl zərbələr endirib.

Sənan Cəfərov Radinin ürək nahiyəsinə 5 bıçaq zərbəsi vurub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sənan Cəfərov Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq” ixtisası üzrə əyani şöbəsinin 2-ci kurs tələbəsi olub.

Qətlə yetirilən Radim Qəhrəmanov isə idmançı olub.

10 il 6 ay cəza

Sənan Cəfərov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Onun cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Hakim Kəramət Əliyevin sədrlik etdiyi prosesdə Sənan Cəfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Sənan Cəfərovun vəkili Elxan Osmanov apelyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib.

Şikayət araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib və hakim Elçin Xasməmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Sənan Cəfərovun apelyasiya şikayəti təmin edilməyib.

11 saylı türmədən olan məhkumun xahişi

Bu qərardan narazı qalan Sənan Cəfərov bu günlərdə kasasiya şikayəti verib. Şikayət araşdırılması üçün hakim Əli Seyfəliyevin icraatına verilib.

Ali Məhkəmədə araşdırma aparılan zaman Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Sənan Cəfərovun məhkəməyə ərizəsi daxil olub. O, kasasiya şikayətini geri götürdüyünü açıqlayıb.

Hakim heyəti Sənan Cəfərovun istəyini nəzərə alıb. Bu səbəbdən onun kasasiya şikayəti üzrə heç bir araşdırma aparılmayıb.

Şikayət baxışdan çıxarılıb və geri qaytarılıb.


Müəllif: Hacı Zeynalov