16 Yanvar 2019 15:51
2 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Vasif İsmayılov ifadə verib.

O, təqsirləndirilən şəxsi çoxdan tanıdığını, onunla aralarında yaxın münasibət olduğunu bildirib.

Şahidin sözlərinə görə, Əhməd Əhmədovla Həcc ziyarətində də bir yerdə olublar.

Vasif İsmayılov qeyd edib ki, bu işlə bağlı ona zərərçəkmiş Rəşad Tahirovun tanışı Habil adlı şəxs zəng edib: “O, Rəşadın Əvəz Əhmədova pul borclu olduğunu dedi. Məndən xahiş elədi ki, Əvəz müəllimlə görüşək və ondan vaxt verməsini istəyək. Razılaşdım və Əvəz müəllimə zəng elədim. O da bizi görüşə çağırdı. Mən, Habil, Rəşad görüşə getdik. Normal söhbət oldu, çay içib danışdıq. Habil pulu ödəmək üçün vaxt verilməsini istədi. Əvəz müəllim “yerli kimi sənə hörmət edirəm, amma pul ödənilməsə, necə olacaq?” deyə bildirdi. Habil də “əgər ödəməsə, özüm ödəyəcəm” dedi. Bundan sonra söhbət bitdi. Bizdə oradan getdik”.

Şahid ifadəsində göstərib ki, həmin söhbətdə heç bir mübahisə və hədə-qorxunun olmayıb.

Növbəti proses yanvarın 23-də davam edəcək.

Qeyd edək ki, Əvəz Əhmədov Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

Əvəz Əhmədovun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Əvəz Əhmədov Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır.


Müəllif: Hacı Zeynalov