17 Yanvar 2019 12:56
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsi 12-ci polis şöbəsinə əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Çingiz Maşallayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.

Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb.

Onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd “AKM” markalı avtomat, 21 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Çingiz Maşallayev ifadəsində həmin silah-sursatın ona məxsus olduğunu və bir müddət əvvəl Ramana qəsəbəsindən tapdığını bildirib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov