18 Yanvar 2019 17:12
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Velizadə prodakşn”ın rəhbəri və müğənni Tural Vəlizadənin barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə Tural Vəlizadə ifadə verib.

Tural Vəlizadə ittiham üzrə özünü təqsirli bilməyib.

O, zərərçəkmiş iş adamlarından pulu borc aldığını söyləyib.

Daha sonra zərərçəkmiş Rövşən Hacıyevin vəkili Babək Həmidov vəsatətlə çıxış edib. O, cinayət işində adı şahid qismində keçən Əli Vəliyevin də cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

Vəkil qeyd edib ki, Əli Vəliyev iş adamı Rövşən Hacıyevin işçisi olub: “İş adamını Tural Vəlizadə ilə Əli Vəliyev tanış edib. Rövşən müəllimə türkiyəli müğənnilər Sıla və Ebru Gündeşin Bakıya konsert üçün gətirilməsi təklifini Əli verib. Rövşən Hacıyevdən ümumilikdə 140 min dollar pul alıb. O, həmin pulu Turala verib. Tural isə deyir ki, Əli ona ümumilikdə 120 min dollar pul verib. Məhkəmədən xahiş edirəm ki, həmin şəxs də cinayət məsuliyyətinə cəlb edilsin”.

Dövlət ittihamçısı vəsatətə münasibət bildirmək üçün vaxt istəyib.

Növbəti proses yanvarın 25-də davam edəcək.

İttihama görə, Tural Vəlizadə dörd nəfərə qarşı dələduzluqda ittiham edilir. O, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert vermələrini təmin edəcəyinə söz verib.

Tural Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min ABŞ dolları məbləğində pul alıb. Lakin vədinə əməl etməyib.

İstintaq orqanı tərəfindən Tural Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov