21 Yanvar 2019 13:08
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz narkotik satmaqda təqsirləndirilən Zabil Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Zabil Mikayılov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Ukraynada yaşamış Zabil Mikayılov qardaşı oğlu Elvin Mikayılov, Yusif Əliyev və digərləri ilə əlbir olaraq külli miqdarda narkotik vasitələrin Ukrayna ərazisində əldə edilməsini və Azərbaycana daşınmasını təşkil edib.

Mütəşəkkil dəstə yaradan Zabil Mikayılov yuxarıda adları çəkilən şəxsləri həmin dəstəyə cəlb edib.

Onların arasında Zabil Mikayılovun qardaşı oğulları ilə yanaşı, qaynı Elnur Həsənov, qohumları Binnət və Qara Cəfərov qardaşları da var.

Zabil Mikayılov dəstə üzvlərinin fəaliyyətlərini istiqamətləndirib, cinayətlərin törədilməsi prosesində meydana çıxan məsələlərlə əlaqədar göstərişlər verib, onlara rəhbərlik edib.

Ötən ilin fevral ayında dəstə üzvlərindən biri, Əli Bayramov Ukraynadan ölkəmizə narkotik vasitələrin qanunsuz daşınmasına şübhəli bilinərək saxlanılıb.

Məhz bundan sonra cinayətkar dəstənin digər üzvləri ifşa edilib. Onlardan ümumilikdə, 24 kiloqram 500 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Cinayətin təşkilatçısı, əsas fiquru olan Zabil Mikayılov, onun qardaşı oğulları Elvin və Nicat Mikayılovlar barəsində isə axtarış elan edilib.

Zabil Mikayılov ötən il həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Bayramov 10 il, Qara Cəfərov 9 il, Binnət Cəfərov 9 il, Loğman Muradov 9 il, Elnur Həsənov 9 il, Ranət Əsgərov 9 il, Vasif Məmmədov 9 il, Yusif Əliyev 8 il 6 ay, Bayram Əzimov və Oktay Mehdiyev hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, Əli Bayramov 2017-ci ildə Penitenasiar xidmətin Müalicə Müəssisəsində xəstəlikdən vəfat edib.


Müəllif: Hacı Zeynalov