21 Yanvar 2019 18:07
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Emin Mərdanov və Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hər iki şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il Bakıda baş verib. Emin Mərdanov və Emil Hüseynov Bakıda tanışları Sədyar Salayevi hədələyərək ondan 15 min manat pul tələb ediblər.

Zərərçəkmiş Sədyar Salayev çalışdığı obyektdə qonşusunun pivə oğurladığından şübhələnib. Bu barədə tanışları Emin Mərdanov və Emil Hüseynova deyib.

Lakin Sədyar bu məsələnin qonşusuna çatmasını istəməyib. Tanışlarından da xahiş edib ki, qonşusuna bu barədə heç nə deməsinlər.

Amma Emin və Emil plan quraraq Sədyar Salayevi hədələyərək həmin şübhələrini qonşusuna deyəcəklərini söyləyiblər. Bunun qarşılığında ondan 15 min manat pul tələb ediblər.

Sədyar Salayev əvvəl onlara 7 min 500 manat pul verib. Həmin şəxslər zərərçəkmişdən növbəti dəfə pul tələb edən zaman o, hüquq-mühafizə orqanlarına müracət edib.

Sədyar Salayev həmin şəxlərlə növbəti görüşdə polislərin verdiyi 2000 dolları verib.

Daha sonra hüquq-mühafizə orqanları əməkdaşları E.Mərdanovla E.Hüseynovu saxlayıb.


Müəllif: Hacı Zeynalov