Ağsu sakini qumar oyunu zamanı sözü çəp gəldiyi üçün dayısı oğlunu bıçaqladı
Dünən Şirvan Apelyasiya Məhkəməsində sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinən Ağsu rayon sakini, 1964-cü il təvəllüdlü Zabit Kərimovun məhkəməsi başa çatıb.
Zabit Kərimov 28 noyabr 2013-cü il tarixdə, saat 15.00-da Ağsu rayonunun Kəndoba kəndində dayısı oğlu Yunus İsgəndərovla dükanının içərisində “poker” qumar oyunu oynayıblar. Həmin vaxt Yunus oyun üstündə Zabit Kərimovla mübahisə edib. Onlar mübahisələrini yaxınlıqda olan kərpicdən tikilmiş tikilinin içərisində davam ediblər. Bu zaman Zabit Kərimov bıçaqla Yunusa zərbələr vurub. Hadisə şahidlərinin köməkliyi ilə Yunus xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
“Oyunda Yunus cığallıq etdi”
Zabit Kərimov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham olunub və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zabit Kərimov apelyasiya şikayəti verib. O, barəsində həbs olmayan cəzanın təyin edilməsini xahiş edib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Zabit Kərimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, deyib ki, dayısı oğlu Yunus İsgəndərovla həmişə yaxın münasibətdə olub: “Noyabrın 28-də Yunusa məxsus ərzaq dükanında idim. Yunus, Qaçar, Rəşad ilə birlikdə ”poker" oynamışıq. Oyun zamanı Yunus cığallıq etdi. Bu səbəbdən də aramızda mübahisə oldu. Həmin vaxt sərxoş olan Yunus arvad-uşağımın ünvanına nalayiq söyüşlər söydü. Biz əlbəyaxa olduq".
“Yalnız ona xəsarət yetirmək istəmişəm ki, məndən əl çəksin”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Yunus əlindəki pivə butulkasını mağazanın divarına vuraraq sındırıb: “Yunus həmin sındırdığı şüşə ilə üstümə gəldi və butulkanın əlində qalan sınıq hissəsi ilə məni vurmaq istədi. Şüşəni onun əlindən almağa cəhd etdim. Bu zaman butulka şüşəsi əlimi kəsdi. Daha sonra dükanın içərisindən çiy kərpicdən olan tikilinin içərisinə keçdik. Orada da Yunus arxadan məni yumruqla vurdu və məni itələyərək yerə yıxdı, mənim və ailəmin ünvanına nalayiq küçə söyüşləri söydü. Yunus məni döyməkdə davam etdi. Yunusa gücümün çatmadığını dərk etdim. Əsəbiləşərək cibimdəki bıçağı çıxardım. Onu özümdən kənarlaşdarmaq və qorxutmaq istədim. Bu məqsədlə gödəkçəsindən tutaraq onun qarın nahiyəsindən 4 bıçaq vurdum. O, bu vəziyyətdə çölə çıxdı və daş götürərək mənə atdı. Daş sağ qoluma dəydi. Həmin hadisə ani olaraq baş verib. Yunusu bıçaqlamaq fikrim olmayıb. Yalnız ona xəsarət yetirmək istəmişəm ki, məndən əl çəksin”.
Zabit Kərimov bildirib ki, oradakılar dalaşmalarına müdaxilə etməyib. Onun sözlərinə görə, Qaçar və Rəşadın yanına gəlib, Yunusu bıçaqla vurduğunu deyib: “Qaçar və Rəşaddan kömək etmələrini və Yunusu xəstəxanaya aparmaq lazım olduğunu dedim. Zakirin maşını ilə Yunusu xəstəxanaya çatdırdıq. Oradan da özüm könüllü olaraq polis şöbəsinə gedərək təslim oldum”.
Dayısı oğlunu bıçaqlayan azadlığa buraxıldı
Daha sonra Zabit Kərimovun vəkili Bəxtiyar Babayev müdafiə nitqi ilə çıxış edib. O, bildirib ki, Zabit Kərimov əvvəllər psixi xəstəliyi ilə əlaqədar bir neçə dəfə müalicə olunub. Vəkilin sözlərinə görə, Zabit xəstəliyi ilə əlaqədar əsəbi olub, özünün və ailəsinin ünvanına nalayiq küçə söyüşləri eşitdikdən sonra Yunusu vurub: “Sonradan dayısı oğlu Yunusun müalicəsinə lazım olan xərcləri Zabit Kərimovun ailəsi çəkib. Zabit hərəkətindən səmimi peşman olub, Yunusla barışıb”.
Vəkilin sözlərinə görə, birinci məhkəmə instansiyası tərəfindən təyin edilmiş cəza ağır olmaqla məhkumun şəxsiyyətinə uyğun deyil. Onun sözlərinə görə, Zabit Kərimov uzun müddətə azadlıqdan məhrum edilib: “Bu da onun ailə üzvlərinə əlavə məhrumiyyətlər gətirib. Zabit Kərimov yaşayış yeri üzrə müsbət xarakterizə olunub, əməlindən peşmandır, cinayət əməlini səmimi etiraf edib və əvvəllər məhkum olunmayıb. Himayəsində həyat yoldaşı və 3 uşağı var”.
Prokuror Siyavuş Sadıqov deyib ki, müdafiə tərəfinin apelyasiya şikayətinin dəlilləri əsassızdır. O, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı verilən şikayətin təmin edilməməsini tələb edib.
Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib., Zabit Kərimovun apelyasiya şikayəti təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Yeni hökmə əsasən, Zabit Kərimov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Hacı Zeynalov