Bakıda Qazaxıstan vətəndaşı olan qadının qətlə yetirilməsini bilib, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməməkdə günahlandırılan Famil Osmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
Daha sonra ifadə verən Famil Osmanov özünü qismən təqsirli bilib.
Növbəti proses yanvarın 29-na təyin olunub.
Qeyd edək ki, Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yolçu Yusubovun Bakıya gətirdiyi 1985-ci il təvəllüdlü Qazaxıstan vətəndaşı Atsubayeva Ayqul Almaz qızını qətlə yetirib. Daha sonra o özü də intihar edib.
Qətllə bağlı aparılan araşdırmalar zamanı daha bir nəfər həbs edilib. Bu, Yolçu Yusubovun qayını, 1984-cü il təvəllüdlü Famil Osmanovdur.
Famil Qasımov Yolçu Yusubovun törətdiyi ağır cinayəti bilib və hüquq-mühafizə orqanlarına xəbər verməməkdə ittiham edilir.
Məlum olub ki, 3 uşaq atası olan Yolçu Yusubov qazaxıstanlı qızla internetdə tanış olub, daha sonra onunla görüşmək üçün Qazaxıstana gedib. Onlar Azərbaycana bir yerdə gəliblər. Aeroportdan çıxandan sonra Yolçu taksi ilə Ayqul Atsubayevanı Pirşağı qəsəbəsinə gətirib. O, qızı aldadaraq burada qalacaqlarını deyib. Lakin qamışlıq sahəyə çatan kimi Ayqulu boğaraq öldürüb.
Daha sonra qaynının evinə gedib, cinayət törətdiyini deyib.
Famil Osmanov yeznəsinə inanmayıb, buna görə polisə məlumat verməyib.
İstintaq orqanı tərəfindən Famil Osmanovun barəsində Cinayət Məcəlləsinin 307-ci (cinayət barəsində xəbər verməmə) maddəsi ilə ittiham elan edilib.
Yolçu Yusubov intihar edərək özünü öldürsə də, onun barəsində prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, istintaq hərəkətləri tam başa çatdıqdan sonra iş materialları araşdırılması üçün məhkəməyə göndəriləcək. O zaman Yolçu Yusubovun ölümü ilə bağlı cinayət işinə xitam verilməsi məsələsinə baxıla bilər.