23 Yanvar 2019 12:40
2 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonunda bacısı ilə intim münasibətdə olan həmyerlisini öldürməkdə təqsirli bilinən Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Sahib Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sahib Məmmədovun bacısı Ramella ailəli olub, amma hadisədən bir müddət əvvəl ərindən ayrılıb.

Sahibdən sərt xəbərdarlıq...

Ramella atası Rövşən və anası Səmayə ilə birlikdə Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yerləşən “Muğan Qışlaq” otlaq sahəsində çoban yatağında yaşayıb.

Sahib “Muğan-Qışlaq” otlaq sahəsindəki digər çoban yatağında yaşayan Nail Rəhimovla bacısının intim münasibətlərdə olmasını eşidib.

Sahib dəfələrlə onlardan münasibətlərinə son qoymalarını tələb edib.

Düşünülmüş qətl planı

O, dekabr 2016-cı il tarixdə, saat 15 radələrində yaşadığı Bakı şəhərindən “Muğan-Qışlaq” otlaq sahəsinə gəlir. Orada yaşayan qohumu Rasimin Məşhəd ziyarətindən qayıtması münasibətilə təşkil olumuş məclisdə iştirak edir.

Sonra Sahib axşam saat 8 radələrində valideynlərinin yaşadığı çoban yatağına gəlir. Həmin gecə Sahib atası, anası, bacısı və onlarda qonaq olan xalası Rəsmiyyə ilə bir alaçıqda yatır.

Dekabrın 26-da, səhər saat 06.30-da Sahib bacısı Ramellanın evdən çıxdığını bilir. Onun Nail ilə görüşə getdiyi və onların bir yerdə olduğunu başa düşür. Sahib onların münasibətlərinə son qoymaq üçün Naili öldürmək qərarına gəlir.

Bacısı ilə Naili otlaqda tutdu və...

Bu məqsədlə Sahib evdən bıçaq götürür və Nailin valideynləri ilə yaşadığı, təxminən 2000 metr aralıdakı evə gedir. O, təqribən 470 metr məsafə qət etdikdən sonra saat 06.45-də Nailin bacısı Ramella ilə otlaq sahəsində söhbət etdiklərini görür.

Bu zaman Sahib onlara yaxınlaşaraq Naili söyür, bıçaqla onun döş qəfəsinə bir neçə xəsarət yetirir. Ürək nahiyəsindən xəsarət alan Nail hadisə yerində ölür.

13 il cəza, ciddi rejim

İstintaq orqanı tərəfindən Sahib Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası dekabrın 27-dən hesablanıb. Sahibin cızasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Sahib Məmmədov apelyasiya şikayəti verib. O, əsassız olaraq Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunduğunu deyib.

Qeyd edib ki, Nail Rəhimovu qətlə yetirməyib. O, bu səbəbdən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. Lakin Sahib Məmmədov Nail Rəhimovu kimin qətlə yetirdiyini açıqlamayıb. Qeyd edək ki, hadisə baş verən zaman orada Sahib Məmmədov, onun bacısı və Nail Rəhimov olublar.

Bəraət davası...

Bundan başqa, hökmdən Nail Rəhimovun hüquqi varisi də apelyasiya şikayəti verib. Hüquqi varis Sahib Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyib.

Hər iki tərəfin şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb və şikayətlər təmin olunmayıb.

Bu qərardan narazı qalan Sahib Məmmədov kasasiya şikayəti verib. Onun kasasiya şikayətini araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakimə ünvanlanmış məhbus məktubu...

Hakim Hafiz Nəsibovun sədrliyi ilə araşdırma aparılan zaman Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Sahib Məmmədov Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun adına məktub göndərib.

Sahib Məmmədov məktubunda kasasiya şikayətini geri götürdüyünü göstərib. O, kasasiya şikayətinə baxılmadan icraatdan çıxarılmasının təmin olunmasını hakimdən xahiş edib.

Hakim Sahib Məmmədovun məktubuna əsasən, kasasiya şikayətini araşdırmayıb. Şikayət baxışdan çıxarılaraq geri qaytarılıb.


Müəllif: Hacı Zeynalov