Bu gün Bakı Apelyasiya Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinən Oqtay Nəcəfovun məhkəməsi keçirilib.
Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxs 2011-ci il sentyabrın 14-də Səbail rayonu, Badamdar qəsəbəsində 34 yaşlı İradə Rzayevanı bıçaqlayaraq öldürüb. Dindirmə zamanı Oqtay Nəcəfov törətdiyi əməli etiraf edib. O, qətl törətməsini mərhum İradə Rzayevanın onu ailəsi ilə şantaj etməsi ilə əsaslandırıb. Oqtay və İradə bir neçə il əvvəl bir marketdə satıcı işləyiblər. Ailəli olan satıcılar mütəmadi görüşməyə başlayıblar. Lakin sonradan Oqtay ondan ayrılmaq istədiyini deyəndə 34 yaşlı İradə ayrılmamaq üçün münasibətləri barədə arvadına xəbər verəcəyi ilə onu hədələyib.
Məsələyə son qoymaq üçün Oqtay İradə ilə görüş təyin edib. Ərinə çörək almağa getdiyini deyərək, evdən çıxan qadın qonşu məhəllədə sevgilisi ilə görüşüb. Söhbət zamanı məşuqlar arasında mübahisə düşüb. Nəticədə Oqtay məşuqəsini bıçaqlayaraq öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oqtay Nəcəfov 14 il müddətinə azadıqdan məhrum edilib. Hökmdən narazı qalan Oqtay Nəcəfov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, mərhumun şantajlardan bezdiyi üçün öldürüb. O, barəsində daha yüngül cəzanın çıxarılmasını istəyib.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçən prosesdə Oqtay Nəcəfovun aoelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, onun şikayəti təmin edilməyib.
Hacı Zeynalov