1 Fevral 2019 13:34
1 926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən Zəfər Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Zəfər Mərdanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Səkinə Hümbətova bıçaqla qətlə yetirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədilməsi, onun Bakı şəhər sakini Zülfiyyə Şiriyeva ilə birgə sonuncuya məxsus “Mitsubishi” markalı avtomobildə hadisə yerinə gəlmələri və sonradan həmin nəqliyyat vasitəsini Şağan qəsəbəsi ərazisində ataraq getmələri də müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə ağır cinayət hadisəsini törətməkdə şübhəli bilinən Zəfər Mərdanov tutularaq istintaqa cəlb olunub.

İstintaq həmçinin müəyyən edib ki, cinayətin səbəbi Səkinə Hümbətovanın Zəfər Mərdanova ərə getməkdən imtina etməsidir.

Səkinə Hümbətovanın azyaşlı övladı qalıb.

Görülmüş tədbirlərlə Zülfiyyə Şiriyeva da saxlanılıb.

Onun əməlləri Cinayət Məcəlləsinin 307-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsinə tövsif edilib.

Zülfiyyə Şiriyevanın cinayət işi ayrıca icraata götürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər