Rüşvət verməyə təhrik etmə və dələduzluqda təqsirləndirilən Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Ağa Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası hakim Novruz Kərimovun sədrliyi ilə fevralın 13-nə təyin olunub.
Rüşvət almaqda təqsirləndirilən Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin dövlət vergi müfəttişləri Elçin Qaybalıyev və Ziyad Lətifovun cinayət işi araşdırılması üçün hakim Əhməd Quliyevin icraatına verilsə də, məhkəmənin hazırlıq iclasının vaxtı hələki müəyyən edilməyib.
***
11:04
Rüşvət almaqda təqsirləndirilən Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin dövlət vergi müfəttişləri Elçin Qaybalıyev və Ziyad Lətifovun barəsində cinayət işinin ibtidai istintaq yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi üzrə material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə müəyyən ediləcək.
Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin dövlət vergi müfəttişləri Elçin Qaybalıyev və Ziyad Lətifovun xidməti vəzifələrinin icrası zamanı hüquqazidd əməllərə yol verildiyi aşkar edilib.
Müəyyən olunub ki, həmin vergi əməkdaşları Bakı şəhəri ərazisində yerləşən “24 saat” adlı marketdə həyata keçirdikləri operativ vergi yoxlaması zamanı aşkar etdikləri aksiz markası olmayan müxtəlif növ xarici ölkə istehsallı siqaretlərin sayının sənədləşdirilməsi zamanı (cəmi 3 min manat dəyərində) onların dəyərinin bilərəkdən azaldılması və marketin satıcısı Hüseynəli Kərimlinin cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb olunmasına görə ondan 1000 manat məbləğində pulu rüşvət qismində alaraq öz aralarında bölüşdürüblər.
Bu zaman satıcıdan həmin aksizsiz siqaretlərin satış dəyərinin 284 manat olması məzmununda izahat alaraq sənədlərə imza etdirib, rüşvət qismində aldıqları pula görə sənədləşmənin qanuniliyi görüntüsünü yaratmaq üçün keçirilmiş vergi yoxlaması ilə bağlı inzibati xəta haqqında protokola və yoxlamanın nəticəsini özündə əks etdirən digər rəsmi sənədlərə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığına yol veriblər.
Növbəti gün müsadirə etdikləri məhsulların aşkar olunmamış kimi razılaşdıqları hissəsini Hüseynəli Kərimliyə qaytarıblar.
Araşdırmalarla müəyyən edilmiş hallar barədə toplanmış materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Elçin Qaybalıyev və Ziyad Lətifovun barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Bundan başqa, rüşvət verməyə təhrik etmə və dələduzluqda təqsirləndirilən Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Ağa Məmmədovun barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.
Onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə müəyyən ediləcək.
Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Ağa Məmmədovun anunsuz əməlləri ifşa edilib.
Belə ki, Ağa Məmmədov əvvəlcədən tanıdığı Elvin Manafov adlı şəxsə yaxın iş adamları - “Shift Almaty” Advertising Agnecy” LLP Qazaxıstan şirkətinə və həmin şirkətin hazırda “Carlsberg Azerbaijan” adlanan “Baltika Bakı” şirkəti üçün gördüyü reklam işləri ilə bağlı həyata keçirilmiş ödəniş üzrə tutulmuş ikiqat verginin müəyyən hissəsinin geri qaytarılması, habelə “Zanobia” şirkəti üzrə kameral vergi yoxlaması üzrə hesablanmış 5.700 manat məbləğində vergi borcunun silinməsi məsələsini həll etmək imkanına malik olduğunu həmin şirkətlərin rəhbərlərinə yalandan vəd edib. Bu zaman qeyd edilən məsələni özünün yaxın münasibətdə olduğu Vergilər Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə hər bir şirkət üzrə ümumilikdə 2.700 manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini bildirib.
Ağa Məmmədovun qeyd edilən məbləğdə pulu Elvin Manafovdan almasına dair əsaslı şübhələr müəyyən edilib, onun barəsində toplanmış materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
İstintaq orqanı tərəfindən Ağa Məmmədov barəsində Cinayət Məcəllənin 178.2.2 (təkrar dələduzluq törətmək) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub.