8 Fevral 11:17
1 673

Hədə-qorxu ilə pul tələb etməkdə və dələduzluqda təqsirli bilinən Salyan rayon sakini Elşən Cabbarovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanının təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, istintaq orqanının təqdimatı təmin olunub və Elşən Cabbarovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 aya qədər artırılıb.

Qeyd edək ki, ötən il oktyabrın əvvəlində həbs edilən Elşən Cabbarov barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Barəsində həbs qərarı çıxarılan Elşən Cabbarov saxlanılması üçün Bakı istintaq Təcridxanasına göndərilib.

Xatırladaq ki, Elşən Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunur.

Elşən Cabbarov Bulat Ağabəyovun “hərəkətlərini” gizli kamera ilə lentə alaraq onu yayıb biabır etməmək müqabilində bir ilə yaxın müddətdə ondan hər ay 7 min manat pul almaqda şübhəli bilinib.

Eyni zamanda Elşən Cabbarov onu ifşa etməmək müqabilində Bulat Ağabəyovla 60 min manat, B. Ağabəyovun göstərişi ilə sürücüsü Azər Hüseynovla isə 50 min manat məbləğində borc müqaviləsini öz xeyrinə notarial qaydada təsdiq etdirib.

Bundan başqa, Elşən Cabbarov Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq törətməkdə şübhəli bilinib.

Elşən Cabbarov Salyan rayonunda ən imkanlı ticarətçilərdən sayılıb.

İstintaq orqanı tərəfindən Elşən Cabbarovun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Hazırda istintaq davam edir.


Müəllif: Hacı Zeynalov
Загрузка...