Bakıda şirkətlərdən birinə basqın etməkdə təqsirli bilinən Turan Kubuşov barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, Turan Kubuşovun barəsində cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Mahmud Ağalarovun icraatına verilib.
Yaxın günlərdə məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən ediləcək.
İttihama görə, ötən il aprelin 25-də Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə rayon ərazisindəki MMC-lərin birinin qarşısında xəzinədar Tərxan Namazova naməlum şəxs qarət məqsədilə bıçaqla xəsarətlər yetirərək ondan 20 000 manat pulu almağa cəhd göstərməsi, lakin səs-küy yarandığından istəyinə nail ola bilməyərək aradan çıxması barədə məlumat daxil olub.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə istintaq və əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Turan Kubuşov saxlanılıb.
Qeyd edək ki, hadisə zamanı Turan Kubuşov Tərxan Namazova 14 bıçaq zərbəsi vurub.
İstintaq orqanı tərəfindən Turan Kubuşovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.