Bakının Qaradağ rayonunda anasını öldürməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Cəmil İslamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Cəmil İslamov 17 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, qətl hadisəsi ötən ilin fevralın 25-də Ələt qəsəbəsində qeydə alınıb.
Qəsəbənin Əzməmmədov küçəsi, ev 12-də yaşayan 1944-cü il təvəllüdlü Zərnişan İslamova oğlu tərəfindən müxtəlif bədən xəsarətlərinə məruz qalıb. Yaşlı qadın təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Ancaq 74 yaşlı qadın xəsarətləri ağır olduğundan xəstəxanada dünyasını dəyişib.
Qaradağ rayon Polis İdarəsi 11-ci polis bölməsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Cəmil İslamov saxlanılıb.
İlkin dindirmələr zamanı 34 yaşlı oğul anasını yumruqla vurduğunu etiraf edib.
Qaradağ rayon Prokurorluğunda istintaqı aparılan Cəmil İslamova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.