“Velizadə prodakşn”ın rəhbəri və müğənni Tural Vəlizadənin barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Tural Vəlizadə 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Tural Vəlizadə dörd nəfərə qarşı dələduzluqda ittiham edilir. O, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert vermələrini təmin edəcəyinə söz verib.
Tural Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min ABŞ dolları məbləğində pul alıb. Lakin vədinə əməl etməyib.
İstintaq orqanı tərəfindən Tural Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.