19 Fevral 2019 15:12
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə təqsirli bilinən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslərin barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq.

İttihama görə, ötən il iyunun 7-də, gecə saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tuncay Vəliyev saxlanılıb.

Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.

Qeyd edək ki, Rəşad Hüseynov taksi kimi fəaliyyət göstərdiyi avtomobilində öldürülüb.

İstintaq araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxslər hadisə yerində olan Taleh Məmmədzadəyə də xəsarət yetiriblər.

İstintaq orqanı tərəfindən aparılan araşdırma zamanı qətlin daha bir iştirakçısı müəyyən edilib. Bu, Fərman Ocaqquliyevdir.

İstintaq orqanı tərəfindən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 221.1-ci (xuliqanlıq) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən arkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

Xatırladaq ki, Tuncay Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. Tuncay bir müddət müğənni kimi fəaliyyət göstərib. Onun ögey qardaşı Tural isə bir neçə il əvvəl Bərdədə qətl törətdiyinə görə həbs edilib.


Müəllif: Hacı Zeynalov