Abşeron rayonunda qətl törətməkdə təqsirləndirilən Fəxri Şahbazlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, ötən il iyulun 19-da Abşeron rayonunun Nübar qəsəbəsi ərazisindən Bakı şəhər sakini Fərid Qurbanovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Fərid Qurbanovu deşici alətlə (amburla) qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fəxri Şahbazlı, habelə hadisənin digər iştirakçıları - Misir Abdullayev, Araz Heydərov, Zamiq Quliyev və Ərşad İsayev saxlanılaraq istintaqa təhvil veriliblər.
Qeyd edək ki, hadisə Abşeronun Nübar qəsəbəsi kəndi ərazisindəki "At yalı" yaşayış massivində baş verib.
Firma işçiləri iyulun 18-də gün boyu ərazidə su filtri satıblar. Axşam evə qayıtmağa hazırlaşdıqları vaxt isə ərazidə yaşayan bir neçə gənc onlara yaxınlaşaraq söz atıb.
Həmin gənclərin firma işçiləri olan xanımlara söz atması isə kütləvi davaya səbəb olub.
Hadisə yaxınlıqdakı obyektlərdən birinin müşahidə kamerası tərəfindən anbaan qeydə alınıb.
Hadisə zamanı firma işçisi, Bakı şəhər sakini 27 yaşlı Fəxri Şahbazlı avtomobillərində olan deşici alətlə 24 yaşlı Fərid Qurbanovu vurub. Fərid Qurbanov çoxlu qan itirdiyi üçün dünyasını dəyişib.
İstintaq orqanı tərəfindən Fəxri Şahbazlının barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və onun barəsində toplanan material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu işdə adı keçən digər təqsirləndirilən şəxslər - Misir Abdullayev, Araz Heydərov, Zamiq Quliyev və Ərşad İsayevin barəsində olan cinayət işi ayrıca icraata götürülüb, hazırda bu iş üzrə istintaq hərəkətləri davam edir.
Elan olunmuş ittiham üzrə Fəxri Şahbazlı özünü təqsirli bilməyib.
Daha sonra zərərçəkmişin hüquqi varisi, mərhum Fərid Qurbanovun atası məhkəmədən söz istəyib. O, cinayət işinin araşdırılmasından narazı olduğunu deyib. Bildirib ki, oğlunu Fəxri Şahbazlı vurmayıb.
Bu işin müəmmalı olduğunu qeyd edən hüquqi varis deyib ki, ata məhkəmədən ədalətli araşdırma istəyib.
Zərərçəkmişin vəkili isə bildirib ki, hadisə zamanı kütləvi dava baş verib, hər iki tərəfdən bu olayda iştirak edən bir neçə şəxs olub.
Vəkil bildirib ki, həmin şəxslər barəsində ayrıca cinayət işi başlanılıb, həmin cinayət işi ilə bağlı araşdırmaların nəticəsi məlum deyib.
Vəkil zərərçəkmiş tərəflə yeni müqavilə bağladığı üçün işlə tam tanış ola bilmədiyini söyləyib və məhkəmədən vaxt istəyib.
Hakim vəkilin istəyini nəzərə alıb.
Növbəti proses fevralın 26-da davam edəcək.