Dövlət Sərhəd Xidməti (DSX) 5 nəfər Şri-Lanka vətəndaşının Azərbaycanın dövlət sərhədini pozmasının qarşısını alıb.
DSX-nin Mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, fevralın 17-də Xidmətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq Azərbaycandan İrana keçməyə cəhd edərkən Şri-Lanka vətəndaşları - 1991-ci il təvəllüdlü Micheal Fernando Romos, 1995-ci il təvəllüdlü Senrobert Roniksan, 1992-ci il təvəllüdlü Navaratnam Kajamugan, 1994-cü il təvəllüdlü Anton Mariyadas Pilipraj və 1995-ci il təvəllüdlü Penad Mohanraj Mathusan sərhəd pozucusu qismində saxlanılıb.
Saxlanılan şəxslərin 2018-ci ilin dekabrın 16-da rəsmi qaydada Birləşmiş Ərəb Əmirliklərindən Sarja-Bakı reysi ilə Azərbaycana gəlmələri müəyyən olunub. Araşdırma zamanı Şri-Lanka vətəndaşları dövlət sərhədini pozaraq İran İslam Respublikasına, oradan isə Türkiyəyə keçmək niyyətində olduqlarını bildiriblər.
Sərhəd pozucuları barəsində cinayət işi başlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.