30 Avqust 2014 13:08
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərərçəkmiş: “Zarafata məhəllənin lotusu olduğumu bildirdim”

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Səyyar Teymurovun cinayət işi üzrə məhkəmə başa çatıb.

İttihama görə, Səyyar Teymurov 24 fevral 2013-cü il tarixdə, saat 22.00-da Sumqayıt şəhəri Corat qəsəbəsində Yadulla Əsgərovla mübahisə edib. Onların mübahisəsi siqaret üstündə düşüb. Yadulla Səyyardan siqaret istəyib. Səyyar ona: “Sən kimsən məndən siqaret istəyirsən?” deyə irad tutub.

Bundan sonra Səyyar Teymurov özünü Corat qəsəbəsinin “lotu”su adlandırıb və Yadulla Əsgərovu söyüb. Mübahisə zamanı Səyyar Yadulla Əsgərova çoxsaylı bıçaq zərbələri vurub. Yadulla həmin hadisə yerində olan şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Səyyar Teymurov polis əməkdaşları tərəfindən tutulub.

“Hər gün yarım bakal pivə içmişəm”

Səyyar Teymurov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Təqsirləndilən şəxsin sözlərinə görə, fevralın 24-də, saat 22.00-da yaşadığı evdən çıxıb və vaxt keçirmək üçün çayxanaya yollanıb: “Vərəm xəstəliyinə görə müalicə olunduğumdan həkimin məsləhəti ilə hər gün yarım bakal pivə içmişəm. Həmin gün də adəti üzrə yarım bakal pivə içdim. Pivə içməyimə baxmayaraq tam ayıq olmuşam. Çayxanadan geri qayıdarkən video-kaset, audio-disk satışı dükanının yanından keçərkən əvvəllər tanımadığım Yadulla Əsgərovla, Bəxtiyar Cəbiyevlə və Səyavuş Əliyevlə rastlaşdım. Həmin vaxt Səyavuş Əliyevin dükanı bağladığını, Bəxtiyar Cəbiyevlə getmək istədiklərini, Yadullanın isə dükanın qarşısında dayanaraq söhbət etdiyini gördüm. Lakin onun nədən danışdığını bilməmişəm. Onlarla salamlaşdım”.

“Hadisəni mən törətmədiyimi söylədim”

Səyyar Teymurovun sözlərinə görə, həmin vaxt Yadulla Əsgərov içkili olub: “Bəxtiyar Cəbiyevlə orta məktəbdə bir sinifdə oxumuşuq. Dükanın qarşısında Bəxtiyarla zarafatlaşdım. Həmin vaxt Yadulla Əsgərov mənim kim olduğumu, nə işlə məşğul olduğumu soruşdu. Mən də özümü təqdim etdim, kimin oğlu olduğumu və harada yaşadığımı bildirdim. Yadulla özünü təqdim etdi, mən də ”çox gözəl" dedim.

Sonra Bəxtiyar Cəbiyevlə Səyavuş Əliyev bizimlə sağollaşaraq getdilər. Mən Yadulla Əsgərovla bir yerdə yol getməyə başladıq. Təxminən 5-10 metr getdikdən sonra Yadulla “məni vurublar” sözlərini dedi. Ondan kimin tərəfindən vurulduğunu soruşdum. O isə bilmədiyini dedi.

Yadulla Əsgərovun ağsaqqal adam olduğunu, yəqin ki, mənə yalan demədiyini düşündüm. Mobil telefonu vasitəsilə zəng vuraraq taksi çağırdım. Bu vaxt Yadulla Əsgərov məndən ayrılaraq həyətinə girdi. Az sonra taksi gəldi. Taksi gələndə Yadulla Əsgərov evindəydi.

Təxminən 15 dəqiqə sonra taksi maşını evimin qapısında dayandı. Yadulla Əsgərovu səsləyərək taksinin gəldiyini xəbər verdim. O, təxminən 10 dəqiqə sonra evindən çıxdı və mənimlə birlikdə taksiyə mindi. Birlikdə xəstəxanaya getdik. Yadullanı xəstəxanada həkimlərə təhvil verdim. İki nəfər qadın həkim Yadulla Əsgərovun yarasına baxdı və ondan nə hadisə baş verdiyini soruşdu. O isə həkimlərə kimin tərəfindən vurulduğunu bilmədiyini dedi.

Sonra həkimlər məni otaqdan çölə çıxartdı. Mən evə getmək istəyərkən xəstəxanaya polis əməkdaşları gəldi və məni polis bölməsinə apardılar. Polis bölməsində ona hadisənin mənim tərəfimdən törədildiyi bildirildilər".

“Mənə böhtan atıb”

Səyyar Teymurov daha sonra göstərib ki, Yadulla Əsgərovun yaralı olması barədə Bəxtiyar Cəbiyevə və Səyavuş Əliyevə məlumat verməməsinin səbəbini bilmir: “Hadisə baş verən gün üstümdə bıçaq olmayıb. Ümumiyyətlə, üstümdə bıçaq gəzdirməmişəm. Yadulla Əsgərovla heç bir düşmənçiliyim və ya ədavətim olmayıb. Yadulla onu bıçaqla vurmağım barədə yalan ifadələr verib. Mənimlə o, düşmənçilik aparıb. Bir neçə il qabaq Yadulla Əsgərovun qardaşı qızı mənim qardaşımla ailə həyatı qurub. Amma sonradan ayrılıblar. Buna görə də mənimlə düşmənçilik edib, mənə böhtan atıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, orta məktəbdə oxuduğu və kənddə yaşadığı dövrdə Bəxtiyar Cəbiyev və Səyavuş Əliyevlə heç bir qərəzçiliyi olmayıb: “Həmin gün də Bəxtiyar və Səyavuşla heç bir mübahisə etməmişik. Yadulla Əsgərov təxminən 15 dəqiqə evində olduğu dövrdə hər hansı hadisə baş verməyib, hay-küy səsi eşitməmişəm. Yadulla Əsgərovun yarasını xəstəxanada görmüşəm. Həmin yara ciddi yara deyildi. Taksi sürücüsü Yadulla Əsgərovdan onu kimin vurmasını soruşdu. O da vuranı tanımadığını dedi”.

Təqsirləndirilən deyib ki, ilkin dindirilmədən sonra müstəntiq onu xəstəxanaya aparıb: “Orada üzləşdirmə zamanı Yadulla onu mənim vurduğumu dedi. Bu sözlərdən sonra havalandım. Ona bəlkə kiminsə tərəfindən öyrədildiyini dedim və yaxşı-yaxşı fikirləşməsini məsləhət gördüm”.

“Zarafata məhəllənin lotusu olduğumu bildirdim”

Zərərçəkmiş Yadulla Əsgərov deyib ki, Səyyar Teymurovu hadisə ilə əlaqədar tanıyıb: “Səyyar Teymurovla heç bir düşmənçiliyim və ədavətim olmayıb. Fevralın 24-də, saat 22 radələrində evdən çıxaraq yaxınlıqdakı video-kaset satışı dükanına gəldim. Dükana çatanda orada satıcı Səyavuş və Bəxtiyardan başqa heç kim yox idi. Telefonuma kontur aldım və dükandan çıxarkən Səyavuş Əliyevlə zarafatlaşdım. Səyavuş məhəllənin lotusunun kim olduğunu soruşdu. Zarafata məhəllənin lotusunun mən olduğumu bildirdim.

Həmin vaxt oraya Səyyar Teymurov da gəldi. Səyyarın Bəxtiyara bir sillə vurduğunu gördüm. Bundan sonra Səyavuşla Bəxtiyar oradan qaçdılar, mən isə qaldım. Səyyar Teymurov mənim kim olduğumu soruşdu. Ona yolun o biri tərəfində yaşadığımı ona bildirdım".

Zərərçəkmişin sözlərinə görə, bu zaman aralarında mübahisə düşüb və Səyyar bıçaqla onu vurub. Daha sonra təqsirləndirilən şəxsin hədə-qorxusu ilə üzləşib. Zərərçəkmiş bildirib ki, Səyyar hadisəni yaxşı-yaxşı fikirləşməyi məsləhət bilib: “Ona dedim ki, sən niyə mənə hədə-qorxu gəlirsən. Hadisə baş verən vaxta qədər bir-birimizi tanımırdıq. İndi burada fikirləşəsi bir şey yoxdur. Səyyar Teymurov uşaqlarımla məni hədələdi. Ona uşaqlarıma heç nə edə bilməyəcəyini dedim”.

Zərərçəkmiş ifadəsinin sonunda Səyyar Teymurovu bağışladığını bildirib. Məhkəmənin hökmü ilə Səyyar Teymurov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı


Müəllif:

Oxşar xəbərlər