Azərbaycanlı qadınları Türkiyədə və Dubayda cinsi istismara məruz qoymaqda təqsirli bilinən Xaçmaz rayon sakini, 1963-cü il təvəllüdlü Züleyxa Nüsrəddin qızı Həsənovanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, Züleyxa Həsənovanın barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.
Xaçmaz rayon sakini olan Züleyxa Həsənovanın həbs edilməsi üçün əməliyyatı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi keçirib.
Məlum olub ki, Züleyxa Həsənova Azərbaycan vətəndaşları olan qadınları Türkiyəyə və Dubay şəhərinə aparıb, orada onları cinsi istismara məruz qoyub.
Zərərçəkmiş qadınlar Azərbaycana qayıtdıqdan sonra Züleyxa Həsənova barəsində idarəyə şikayət ediblər.
Şikayət əsasında Züleyxa Həsənova barəsində araşdırma başlanıb. Onun Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoyması müəyyən edilib.
Bu səbəbdən Züleyxa Həsənovanın barəsində 2017-ci ildən axtarış elan edilib.
İstintaq orqanı tərəfindən Züleyxa Həsənovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək) və 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.