Sabunçu rayonunda “Araz” supermarketində qətl törədən 1997-ci il təvəllüdlü Surxay Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Surxay Əliyev 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin iyunun 20-də Maştağa qəsəbəsində bir neçə nəfər arasında dava zamanı 1997-ci il təvəllüdlü Kənan Səlimov və onun dostu Vüqar Hüseynzadə bıçaqlanıb.
Vüqar hadisə yerində ölüb, Kənan isə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Surxay Əliyev Bakıxanov qəsəbəsinin ərazisində saxlanılıb.
Məlum olub ki, Vüqar Hüseynzadə Maştağa sakini Surxay Əliyev və Zabrat sakini Kənan Səlimov iş gününün sonunda səhər baş verən münaqişəyə aydınlıq gətirmək üçün işlədikləri “Araz” supermarketinin arxasına keçiblər.
Orada, bankomatın yaxınlığında gənclər arasında dava düşüb. Surxay Əliyev bıçaqla Vüqar Hüseynzadəyə hücum edib.
Kənan Səlimov dostlarını ayırmağa çalışsa da, Surxay Əliyev ona da bıçaq zərbəsi vurub.
İstintaq orqanı tərəfindən Surxay Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.