Xalq artisti Nazpəri Dostəliyeva və digərlərinin evindən oğurluq etməkdə təqsirləndirilən Ruslan Verdiyev, Yunis Hüseynli və Namiq Fərəcov, Cavid Əliyevin görüntüləri yayılıb.
Teleqraf.com İctimai televizyanın "Qanundan kənar" verilişinə istinadla xəbər verir ki, dəstə üzvləri 2017-ci ilin avqust ayında xalq artistinin evindən içərisində külli miqdar pul və qızıl olan seyfi aparıblar.
Avqustun 19-da Nərimanov rayonunda yaşayan xalq artisti Nazpəri Dostəliyeva mənzilindən oğurluq edilməsi barədə polisə şikayət edib.
Müəyyən edilib ki, oğrular xalq artistinin evinə açarseçmə üsulu ilə daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyfi aparıblar.
Polis əməkdaşları tərəfindən isti izlərlə və həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə qeyd edilən hadisəsinin Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Namiq Fərəcov, Cavid Əliyev tərəfindən törədildiyi müəyyən edilərək saxlanılıblar. Saxlanılan şəxslər onlara təqdim olunan sübutlardan sonra törətdikləri əməli etiraf ediblər.
Oğurluq edən şəxslər seyfi əvvəlcə Novxanı qəsəbəsinə, ordan isə Asif Həmidovun idarə etdiyi avtomobillə Yunis Hüseynlinin Sumqayıtda, 9-cu mikrorayon ərazisində yerləşən qarajına gətirərək orada kəsiblər.
Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.
Həmin şəxslər seyfi Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar.
Saxlanılan şəxslərin yaşadıqları mənzillərə baxış zamanı oğurluq yolla əldə etdikləri maddi vəsaitlərin bir qismi aşkar edilib. Onların evindən və avtomobillərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Göstərilən faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
Cinayət işi üzrə xalq artisti N.Dostəliyevadan başqa, Mikayıl Abdullayev, Afaq Həsənova, Vüqar Səfərov, Anar Əliyev, Elman Sadatov və İqrar Əsgərov da zərərçəkmiş qismində tanınıb.
N.Dostəliyeva dindirilən zaman deyib ki, evindən, ümumilikdə, 311 min manatlıq qızıl-zinət əşyası, 15 min dollar, 3 min avro və 2 min funt sterlinq oğurlanıb. Xalq artisti istintaqa verdiyi ifadəsində təqsirləndirilən şəxslərdən heç bir şikayəti, iddia və tələbinin olmadığını söyləyib.
Nazpərinin evindən oğurluq edən Yunus Hüseynli baş verənləri belə danışıb: "Qapını açdıq, əlcəkləri geyndik. sonra "talpa" şəkilində evə daxil olduq. İşıqları yandırandan sonra seyfin yerini müəyyən elədik. Seyfi götürəndən sonra aşağı düşürdük. Sonra taksi çağırdıq. Taksiyə seyfi qoyandan sonra Növxanı kəndinə getdik".
Taksi sürücüsü olan təqsirləndirilən şəxs Nurəddin Rüstəmov dəstənin digər üzvlərini Novxanı kəndinə aparmasını belə izah edib: "Yol ilə keçirdim, iki nəfər əl etdi. Mən də maşını saxladım. Dedilər ki, burada televizor var, mamaşanı da götürək, Binəqədiyə gedək. Mən də onların dediyi yerə maşını sürdüm. Yarım dəqiqə ərzində nəyisə maşına yüklədilər. Mən onlar tərəfə baxanda artıq onlar maşına yükləmişdilər. Əlavə də iki nəfər gəlmişdi, 4 nəfər oldular".
Video görüntülərdə təqsirləndirilən şəxslərin evə daxil olmasının anbaan görüntüləri də qeydə alınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Verdiyev 8 il, Y.Hüseynli 7 il, C.Əliyev 8 il, N.Fərəcov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.