11 Mart 2019 12:35
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bacısını qısqanclıq zəminində bıçaqlamaqda təqsirli bilinən Niyaməddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Niyaməddin Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Xətai rayonu, Naximov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əfsanə Əhmədova qısqanclıq zəminində qardaşı Niyaməddin Məmmədov tərəfindən bıçaqlanıb.

Qadın Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Əfsanənin qardaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlum olub ki, Niyaməddin Məmmədov ailəli olan bacısının başqa kişi ilə münasibətindən xəbər tutub və bu səbəbdən onu bıçaqlayıb.

İstintaq orqanı tərəfindən Niyaməddin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov