11 Mart 2019 14:17
3 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki şəhərində qadını internetdə çılpaq şəkillərini yayacağı ilə hədələyən Şəki sakini Elşən Hüseynov və Sumqayıt sakini Bəhruz Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bəhruz Qurbanov tanışı Elşən Hüseynovla cinayət əlaqəsinə girib.

Onlar Sevda Səmədovanın (ad və soyad şərti verilib – red.) çılpaq fotoşəkillərini yayacaqları ilə hədələyəriblər.

Ata qızının çılpaq şəkilləri ilə şantaj edildi

Bəhruz Qurbanov və Elşən Hüseynov öz hərəkətlərinin reallığına qarşı tərəfi inandırmaq üçün bir neçə dəfə Sevdanın yaşadığı evin həyətinə mətnində rüsvayçı məlumatlar olan hədə-qorxu məzmunlu məktublar atıblar.

Onlar Sevdanın atası Sabirdən 2000 manat pul tələb ediblər. Sonra bu məbləğin az olduğunu düşünüblər. Bu dəfə qızın atasından 20 000 manat istəyiblər.

Sabir kişi Elşən Hüseynov və Bəhruz Qurbanovla danışaraq tələb edilən məbləğə imkanı çatmadığını, onlara 1000 manat verə biləcəyini bildirib.

Əlacsız qalan ata polisə üz tutdu

Sabir Səmədov Elşən Hüseynovla görüşərkən ona əvvəlcə 500, daha sonra yenə 500 manat verəcəyi barədə razılığa gəlib. Ardınca Şəki şəhər-rayon polis şöbəsinə şantaj olunduğu barədə şikayət edib.

Sabir Səmədov Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən “Ləziz” kafesində əvvəlcədən seriya və nömrələri protokollaşdırılan pulları verən zaman polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs həbs olunub.

Bundan başqa, Elşən Hüseynovda silah-sursatda aşkar edilərək götürülüb.

İstintaq orqanı tərəfindən Bəhruz Qurbanovun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Digər təqsirləndirilən Elşən Hüseynova isə Cinayət Məcəlləsinin 182.3.2-ci və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham verilib.

Cəzadan narazı qaldılar

Təqsirləndirilən şəxslər barəsində cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Məhkəmənin hökmü ilə Bəhruz Qurbanov 10 il 8 gün, Elşən Hüseynov isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Onların cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri qərara alınıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Bəhruz Qurbanov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib. Digər təqsirləndirilən Elşən Hüseynov isə günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Hər iki şikayətə Şəki Apelyasiya Məhkəməsində baxılıb və onlar təmin edilməyib.

Bu qərardan narazı qalan təqsirləndirilən şəxslər Ali Məhkəməyə kasasiya şikayəti veriblər. Onlar eyni ittiham üzrə mühakimə olunsalar da, Ali Məhkəmə şikayətləri ayrı-ayrı icraatda araşdırıb.

Elşən Hüseynovun şikayətinə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada baxılıb. Kasasiya şikayəti araşdırılan zaman Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsində saxlanılan məhkumun məhkəməyə ərizəsi daxil olub.

Elşən Hüseynov kasasiya şikayətini geri götürdüyünü qeyd edib. Hakim heyəti onun ərizəsini təmin edib və kasasiya şikayəti baxışdan çıxarılıb.

Digər məhkuma güzəşt edildi

Daha sonra digər təqsirləndirilən Bəhruz Qurbanovun kasasiya şikayətinə Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrlik etdiyi kollegiyada baxılıb.

Bəhruz Qurbanovun kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Kasasiya şikayəti qismən təmin olunub.

Bəhruz Qurbanovun əməli Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsinə tövsif edilib. Onun cəzası 7 il 8 günə endirilib.


Müəllif: Hacı Zeynalov