Korrupsiya cinayətlərində ittiham olunan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov azadlığa buraxılıb.
Teleqraf.com xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsi tərəfindən Vidadi Zeynalovun azadlığa buraxılması barədə qərar qəbul edilib.
Onun cəzası beşdə dördlə hesablanıb və azadlığa buraxılıb.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) sabiq sədri Beytulla Hüseynov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov ilə birlikdə mühakimə olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən onun cəzası 4 ilə endirilib.
Vidadi Zeynalovla birlikdə mühakimə olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 13 il, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov 11 il, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov 10 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev 5 il, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmə əsasən, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyevun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib. Qərara əsasən, Namazalı Məmmədov, Qəmbər Bəybalayev, Anar Mustafayev və Emin Məmmədov şərti cəza verilib, onlara məhkəmə zalından azadlığa buraxılıb.