Bakıda gənc oğlan ağır cinayətə əl atıb. O, əlini insan qanına batırıb.
ANS TV-yə Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, Xocahəsən qəsəbəsindəki “Sahil” şadlıq sarayının arxasında Buzovna sakini 30 yaşlı Samir Eynalov 45 yaşlı Nizami Quliyevi bıçaqla öldürüb. Samir Eynalov artıq rayon polisi tərəfindən tutularaq istintaqa təhvil verilib. Qətl törətməkdə təqsirli bilinən Samir Eynalov istintaqa verdiyi ilkin ifadəsində bildirib ki, qətlə yetirdiyi Nizami Quliyevin evində bir il əvvəl kirayə qalıb. Həmin vaxt Nizami ilə mübahisəsi olub və ev sahibi onu evindən çıxarıb.
Dünən Nizaminin qonşuluğunda yaşayan qaynı evinə qonaq gedib. Təsadüfən küçədə Nizami ilə rastlaşıb və bu vaxt Nizami onu görərkən gülüb. Bu isə Samirin xoşuna gəlməyib və Nizamini şadlıq sarayının arxasına aparıb. Orada onun döş və ürək nahiyəsinə bıçaq zərbələri vuraraq çıxıb gedib.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanıb.