Bakının Xəzər rayonunda silahlı şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib.
Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Binə qəsəbə sakini Mehman Əbilov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd kustar üsulla hazırlanan tapança və 22 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.
Mehman Əbilov ifadəsində odlu silah-sursatı bir müddət əvvəl tapdığını və həmin gündən bəri üzərində gəzdirdiyini bildirib.
Faktla bağlı Mehman Əbilov barəsində 2-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Xəzər rayon Polis İdarəsinə göndərilib.
İstintaq tədbirləri davam etdirilir.