Bakıda liftin düşməsi nəticəsində xadimənin ölməsinə görə həbs edilmiş “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti idarə heyətinin sədri Soltanməcid Əzizov və Çingiz Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Soltanməcid Əzizov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Ev dustaqlığında olan Çingiz Şıxəliyev barəsində isə azadlığın məhdudlaşdırılması ilə bağlı cəza təyin olunub.
Soltanməcid Əzizov və Çingiz Şıxəliyev Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilir.
İttihama görə, ötən il oktyabrın 4-də, saat 12.00-da paytaxtın Nəsimi rayonu ərazisində yerləşən, “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan 10 mərtəbəli yaşayış binasında cəmiyyətin idarə heyətinin sədri Soltanməcid Əzizovun göstərişi əsasında lift təmir edilərkən kabinanın 9-cu mərtəbədən şaxtada təmizlik işləri aparan Mahirə Yusifovanın üstünə düşməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Soltanməcid Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Daha sonra Çingiz Şıxəliyev də saxlanılıb.