Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Əlövsət Süleymanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Report"un məlumatına görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Ə.Süleymanovun apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin Ə.Süleymanov barədə çıxardığı - onun qazancından 20 faiz məbləğində pul tutulmaqla 2 il müddətinə islah işləri cəzası ləğv olunub. Zərərçəkmiş şəxsə dəymiş zərər tam şəkildə ödənildiyinə görə Ə.Süleymanov cinayət məsuliyyətindən azad olub.
İttiham aktına əsasən, Ə.Süleymanov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq cinayətini törədib. Belə ki, o, 2015-ci ilin sentyabr ayından həmin ilin oktyabr ayınadək olan müddət ərzində tanışı Parlakyıldız Ali Malik oğlunun arvadı Abuzərova Sevil Məhərrəm qızının adına olan Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən 0,3 ha torpaq sahəsində tikinti işləri aparılmasına icazə alacağına vəd edib. Ə.Süleymanov bu məqsədlə A.Parlakyıldızdan, ümumilikdə, 1000 manat pul alıb. Amma vədinə əməl etməyib. Təqsirləndirilən şəxs zərərçəkmişə ziyan vurduğu 1000 manat pulu geri qaytarıb, A.Parlakyıldızla barışıb.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Ə.Süleymanovun qazancından 20 faiz məbləğində pul tutulmaqla 2 il müddətinə islah işləri cəzası verilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, A.Parlakyıldızdan pulu borc aldığını və vəsaiti tam şəkildə ödədiyini qeyd edib. Ə.Süleymanov şikayətində hökmün ləğv edilməsini və barəsindəki cinayət işinə xitam verilməsini istəyib.