27 Mart 2019 13:48
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qatarla avtobusun toqquşması faktına görə dispetçer Mübariz Fərəcov və sürücü Əlixan Şirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, təqsirləndirilən Əlixan Şirəliyevin vəkili səhhətində yaranan problemlərə görə məhkəməyə gələ bilməyib.

Bu səbəbdən məhkəmə iclasının davam etdirilməsinin mümkün olmadığı açıqlanıb. Növbəti proses martın 29-də davam edəcək.

Ötən il oktyabrın 1-də, saat 14.30-da paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qorunan dəmir yolu keçidində yük qatarı ilə Şirəliyev Əlixan Əlibala oğlunun 160 nömrəli marşrut üzrə idarə etdiyi "Ayşən LTD" MMC-yə məxsus "Daewoo" markalı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun toqquşması nəticəsində 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif Tahir oğlu və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu vəfat edib, 40 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Fakta görə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi, məhkəmə-narkoloji, məhkəmə yol nəqliyyat hadisələri ekspertizaları təyin edilib, şahidlərin ifadələri alınıb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Ə.Şirəliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib.

İstintaqla həmçinin, qəzaya səbəb olan sürücünün hadisə baş verən gün tibbi müayinədən keçirilmədən reysə buraxılması müəyyən edildiyindən “Ayşən LTD” MMC-də dispetçer işləyən Fərəcov Mübariz Kərim oğlu Cinayət Məcəlləsinin 265-1.3-cü (Ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib.

Cinayət işində 38 zərərçəkmiş var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər