Bakıda 5 qadını fahişəliyə cəlb etməkdə təqsirli bilinən Ülviyyə Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan qapalı prosesdə prokuror ittiham aktını elan edib.
Daha sonra ittihama münasibət bildirən Ülviyyə Quliyeva özünü qismən təqsirli bilib. O, qadınları fahişəliyə cəlb etmədiyini, qadınların özlərinin razılığı ilə kişi müştəri axtardıqlarını deyib: “Mən həmin qadınlara kişi müştərilər tapmaqda kömək etmişəm”.
Növbəti proses aprelin 10-da davam edəcək.
İstintaq orqanı tərəfindən Ülviyyə Quliyevanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib.
İstintaq sənədlərinə görə, Ülviyyə Quliyeva gəlir əldə etmək məqsədilə Nərimanov rayonu ərazisində 5 qadını fahişəliyə cəlb edib.
O, həmin qadınları kişi müştərilərlə görüşdürməsi müqabilində sonuncuların hər birindən 70 manat alıb, pulu qadınlarla aralarında bölüşdürüb.