Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə qəbir daşlarının dağıdılması faktı ilə bağlı məlumat yayıb.
Daxili İşlər Nazirliyinin mətbuat Xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, aprelin 1-də Şəmkir rayonunun Keçili kəndinin bir qrup sakini DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək martın 31-dən aprelin 1-nə keçən gecə kənd ərazisində yerləşən qəbiristanlıqda naməlum şəxs və ya şəxslər tərəfindən iki qəbir daşının yararsız hala salınması, 50-dən çox məzar daşının isə yaxınlığında olan güldanlarının qırılmasını bildiriblər.
Dərhal Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şəmkir rayon Keçili kənd sakini, 26 yaşlı Coşqun Nəcəfli saxlanılıb.
2010-cu ildən Şəmkir rayon Poliklinikasında epilepsiya, yəni tez-tez qıcolma tutmaları şəxsiyyətin dəyişməsi diaqnozu ilə qeydiyyatda olan C. Nəcəfli ilkin dindirilmə zamanı törətdiyi hadisəni etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.