Bakıda Pakistan vətəndaşına qarşı quldurluq etməkdə təqsirli bilinən Cəmşid Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Cəmşid Bağırov 16 iyul 2018-ci il tarixdə, saat 14 radələrində Sabunçu rayonunda avtobus dayanacağında kirayə ev axtaran Pakistan vətəndaşı İqbal Javed Abdul Karim oğlu ilə rastlaşıb.
O, pakistanlını kirayəyə ev vermək adı ilə Sabunçu qəsəbəsindəki evinə aparıb. Pakistanlını evinə salan Cəmşid Bağırov onu bıçaqla hədələyərək 550 manat pulunu və 170 manat dəyərində “Qmobile” markalı “İ2 Pover” model mobil telefonunu ələ keçirib.
İstintaq orqanı tərəfindən Cəmşid Bağırovun barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun icraatında araşdırılıb. Hökmə əsasən, Cəmşid Bağırova 8 il cəza təyin edilib.
Hökmdən narazı qalan Cəmşid Bağırov apelyasiya şikayəti verib. O, barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Cəmşid Bağırovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Cəmşid Bağırovun apelyasiya şikayəti təmin olunmayıb.