Azərbaycanda insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
Vahib Xudadatov özünü təqsirli bilməyib, qeyd edi ki, cinayət işi üzrə zərərçəkmişləri həkimlə tanış edib.
Onun sözlərinə görə, taksi sürücüsü kimi fəaliyyət göstərib, iş üzrə zərərçəkmişləri İrana və Gürcüstana aparıb: "Buna görə mənə pul veriblər. Hər şeyin şahidi-sübutu var. Heç kim heç nəyə məcbur edilməyib. Adamlar özləri öz aralarında razılaşıblar, mənlik bir iş olmayıb. Könüllü şəkildə orqanlarını satıblar, pullarını da alıblar".
Vahib Xudadatov bildirib ki, zərərçəkmiş Bəhram Məmmədov əməliyyata girməmişdən əvvəl 13 min manat Bakıda qardaşına verilib: "Özü əməliyyatdan əvvəl deyib ki, ona “Ayfon" telefonu alınmasa, əməliyyata girməyəcək. Bəhram Məmmədov hətta təzə pal-paltar da istəyib".
Vahib Xudadatovun sözlərinə görə, qızı Gülər 2007-ci ildən böyrək çatışmazlığından əziyyət çəkib. Deyib ki, 2015-ci ildə qızı və həyat yoldaşı ilə yerli telekanalların birinə çıxıb və donor tapılmasını və övladının müalicəsinə maddi yardım istəyib. Müxtəlif adamların köməyi ilə 24 min pul toplayıb: "Beyləqandan olan Elman Ağayev zəng edib, 10 min manata böyrəyini qızıma verə biləcəyini dedi. Razılaşdıq və birlikdə İrana həkim Mohsen Tahirinin işlədiyi xəstəxayana getdik. Lakin İranda xarici ölkə vətəndaşlarının orqanlarının köçürülməsinə icazə verilmədiyindən Tahiri bu işi 10 min dollara Gürcüstanda edə biləcəyini söylədi. Çünki orada belə əməliyyatlara qadağa yoxdur.
Tbilisidə Fərman Ceyranlı adlı azərbaycanlının rəhbərlik etdiyi klinika olduğunu öyrəndik. O, rəhbərlik etdiyi müəssisədə bu əməliyyatın həyata keçirilməsi üçün 8 min dollar pul istədi. 2015-ci ilin fevralında iranlı həkim “Lanseti”də gəlib Elman Ağayevin böyrəyini qızıma köçürdü. Bundan bir müddət sonra Möhsen Tahiri mənə zəng edib, Yaşar adlı şəxsin koordinatlarını verdi. Dedi ki, onu və ona böyrəyini verəcək şəxsləri İrana gətirim.
Eyni qaydada Yaşara da Gürcüstanda böyrək köçürülüb. Yol və digər xərclər qarşılanmaqla yanaşı, mənə 250 manat pul verildi. Bundan sonra intensiv şəkildə bu işlə məşğul olmağa başladım".
Növbəti proses aprelin 12-də davam edəcək.
İttihama görə, Vahib Xudadatov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.
Onun vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil etməsi müəyyən edili.
Cinayət işində 27 zərərçəkmiş var.
Vahi Xudadatov "Qarabağ"ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşıdır.