Oğuz rayonunda seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Namiq Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Namiq Səlimov bibisi qızı, 2003-cü il təvəllüdlü Ləman Əliyevaya qarşı zorakılıq edib. O, Ləman ilə 2015-ci ilin iyunundan 21 fevral 2016-cı il tarixədək olan müddətdə onunla mütəmadi olaraq təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.
İntim münasibət və əxlaqsızlıq təklifi
Daha sonra Namiq Səlimov bibisi qızına qarşı əxlaqsız hərəkətlər edib. O, bibisi qızına əxlaqsız hərəkətlər etməyə məcbur edib.
İstintaq orqanı tərəfindən Namiq Səlimovun barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.
“Bibim qızının atasını tanımıram”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq Səlimov bildirib ki, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Kərimli kəndində yaşayır: “2013-cü ilin aprelində hərbi xidmətə getmişəm və həmin ilin iyulunda atam vəfat edib. Atamın vəfatından sonra anam Sevda və digər ailə üzvlərim Bərdə rayonunda yaşayan tanışımız ilə balıqçılıqla məşğul olmağa başlayıb”.
Namiq Səlimovun sözlərinə görə, 2014-cü ilin oktyabr ayında hərbi xidmətini başa vurduqdan sonra Bərdə rayonuna ailə üzvlərinin yanına gedib: “2015-ci ilin iyun ayında Oğuz rayonu Kərimli kəndinə öz evimizə qayıtmışıq. Kərimli kəndində bizim yaşadığımız həyətdə iki ev var. Həmin evin birində ailə üzvlərimiz, digərində isə nənəm və bibilərim yaşayırlar. Ləman mənim bibim qızıdır. Onun atasını tanımıram, anası isə başqa şəxslə ailə qurub və Bakı şəhərində yaşayır”.
“Bibim qızından xoşum gəldi”
Təqsirləndirilən qeyd edib ki, Samirəyə bibisi Sahibə baxmayıb: “2015-ci ilin iyun ayında Kərimli kəndinə qayıtdıqdan sonra bibim qızının böyüdüyünü gördüm və ondan xoşum gəldi. Bu barədə anama dedim və gələcəkdə Samirə ilə ailə qurmaq istədiyimi bildirdim. Anam bu barədə Ləmanın xalası Sevincə məlumat verib”.
“Cinsi əlaqəyə girmədən sevişmişik”
Namiq Səlimov deyib ki, həmin ilin iyun ayından Ləman ilə gizlincə görüşməyə başlayıb: “Ləman evdə tək olanda onlara getmişəm və ilk əvvəl öpüşməyə başlamışıq. Daha sonra cinsi əlaqəyə girmədən sevişmişik. Bir müddət sonra Ləman mənimlə telefonda danışarkən qarnının şişdiyini bildirib. 11 mart 2016-cı ildə Ləmanın xəstəxanaya aparmaq üçün Oğuz rayonu Kərimli kəndinə gəldim. Anam və bibim ilə Ləmanı martın 14-də xəstəxanaya apardıq. Xəstəxanada Ləmanın hamilə olduğunu öyrəndik”.
“Uşağın atası olduğumu etiraf edirəm”
Təqsirləndirilən şəxs qeyd edib ki, Ləman ilə təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmayıb: “Ləmanın hamilə qala biləcəyi ağlıma gəlməyib. Ləman ilə münasibətlərimdə ona qarşı heç bir pis niyyətim olmayıb. Ləmandan xoşum gəldiyinə və onunla ailə qurmaq istədiyimə görə aramızda münasibət yaranıb. Ləman yetkinlik yaşına çatmadığı üçün onunla ailə qura bilməmişəm. Lakin o, yetkinlik yaşına çatdıqdan sonra onunla rəsmi qaydada ailə həyatı quracağam. Ləmanın mənimlə olan münasibətindən bir uşağı olub. Həmin uşağın atası olduğumu etiraf edirəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hazırda həmin uşağa Ləman ilə yanaşı onun anası və digərləri də qayğı göstərir: “Zərərçəkmiş Ləman ilə aramızda heç vaxt narazılıq olmayıb. Hazırda zərərçəkmiş şəxsin məndən heç bir şikayət və tələbi yoxdur”
“Namiqin ailəsi ilə yaşayıram”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Ləman Əliyeva bildirib ki, o, uşaqla birlikdə hazırda təqsirləndirilən şəxs Namiq Səlimovun ailəsi ilə birgə yaşayır: “Atamı uşaq yaşlarından görməmişəm, anam isə hazırda ailə qurub və Bakı şəhərində yaşayır. Buna görə də övladımı Namiqin ailəsi ilə birgə böyüdürəm. Lakin Namiqin atası vəfat edib, anası isə səhhəti ilə bağlı olaraq işləyə bilmir. Əvvəllər yanında yaşadığım bibim və Namiqin ailəsinin imkanı yaxşı deyil, özüm isə yetkinlik yaşına çatmadığım üçün övladımı saxlaya bilmirəm. Buna görə də Namiqin ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq daha yüngül cəza təyin edilməsini və onun azad edilməsini xahiş edirəm”.
3 il cəza
Oğuz rayon Məhkəməsinin hökmü ilə Namiq Səlimov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Namiq Səlimov apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş edib.
Namiq Səlimovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rövşən Rəfiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Şikayətçi oldu, şərti cəza aldı
Hakim heyəti tərəfləri dinləyəndən sonra qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin xahişi nəzərə alınıb.
Məhkəmə Namiq Səlimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib və o, 2 il sınaq müddəti olmaqla şərti cəza alıb.
Namiq Səlimovun barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib, o, məhkəmə zalından azadlığa buraxılıb.
Prokuror şikayətçi oldu, qərar ləğv edildi
Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Şəki Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, Namiq Səlimovun cinayət işinin yenidən apelyasiya instansiyasında araşdırılmasını istəyib.
Prokurorun protestinə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti prokurorun protestini təmin edib və Şəki Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.
Şərti cəza dəyişmədi
İş materialları yenidən araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Bu dəfə şikayət hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmə bu dəfə Namiq Səlimovun barəsində təyin etdiyi 3 il azadlıqdan məhrum etmə cəzasını 2 il 8 ay 4 gün müddətinə endirib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, təyin olunmuş cəza şərti hesab edilib.
Ali Məhkəmədən yekun qərar
Bu qərardan narazı qalan prokuror yenidən kasasiya protesti verib. Prokuror yenidən apelyasiya instansiyasının qərarının ləğv edilməsini, cəzanın ağırlaşdırılması üçün işin apelyasiya instansiyaslna qaytarılmasını tələb edib.
Prokurorun şikayətinə Ali Məhkəmədə bu dəfə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Kasasiya protestini araşdıran hakim heyəti sonda qərar elan edib.
Qərara görə, protesti təmin edilməyib.