5 Aprel 2019 14:46
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində namus üstündə arvadını öldürməkdə təqsirli bilinən Yaqub Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 12-nə təyin edilib.

İttihama görə, ötən il dekabrın 5-də Sumqayıt şəhərinin 11-ci mikrorayonunun ərazisində şəhər sakini, 1992-ci il təvəllüdlü Aynurə Ağayeva ona vurulan çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib.

Qadının bədənində 40-a yaxın bıçaq xəsarəti aşkar edilib. Yetirilən xəsarətlərin çoxu qadının boğaz və baş nahiyyələrində aşkar olunub.

Cinayətin törədilməsində şübhəli qismində mərhumun həyat yoldaşı Yaqub Ağayev saxlanılıb.

İstintaqın versiyasına görə, kişi həyat yoldaşını qısqanclıq zəminində, ailəsinin “şərəf və ləyaqətini qorumaq” məqsədilə öldürüb.

İstintaq orqanı tərəfindən Yaqub Ağayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər