10 Aprel 2019 15:50
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qardaşını bıçaqlamaqda təqsirləndirilən Sərxan Hacallının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında Sərxan Hacallının 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası mayın 1-nə təyin edilib.

İttihama görə, ötən il sentyabrın 18-də axşam saat 18.00-da Yasamal rayuonunun 1-ci Alatava küçəsində yerləşən evlərin birində qardaşlar arasında qanlı münaqişə baş verib.

Münaqişə nəticəsində 1991-ci il təvəllüdlü Sərxan Hacallı 1990-ci il təvəllüdlü qardaşı Qaraxan Acalova bıçaqla xəsarət yetirib. Sərxan Qaraxanın sinə və qarın nahiyəsinə 3 dəfə bıçaqla zərbə endirib. Zərərçəkmiş ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib, vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, həmin gün Sərxanın ad günü olub. Böyük qardaş Qaraxan kiçik qardaşının ad gününü qeyd etmək üçün işdən icazə alıb.

Qaraxan evə gəldiyi zamanı onu qarşılayan həyat yoldaşından Sərxanın harada olduğunu soruşub. Həyat yoldaşı qapını göstərərək Sərxanın qonağı olduğunu bildirib.

Böyük qardaş qapını döyüb, lakin cavab gözləmədən qapını açıb və cütlüyü qucaq-qucağa görüb.

Qardaşının bu cür davranışı Qaraxanın xoşuna gəlməyib və Sərxanı tənqid edib. O, qardaşına həyat yoldaşının və uşaqlarının olduğu evə yad qız gətirməyin düzgün olmadığını bildirib.

Bu an dərhal paltarını geyinən Sərxan mətbəxə keçib və qardaşını ora çağıraraq onu bıçaqlayıb.

Qardaşına ağır bədən xəsarətləri yetirdikdən sonra Sərxan evə gətirdiyi yad qızı da götürərək naməlum istiqamətdə hərəkət edib.

Bir neçə gün sonra Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşları tərəfindən Sərxan həbs edilib.

Sərxan Binəqədi rayonunda yerləşən "Qızıl Buta" şadlıq sarayında administrator, onun sentyabrın 18-i evə gətirdiyi qız isə həmin şadlıq sarayında süpürgəçi işləyib.

İstintaq orqanı tərəfindən Sərxan Hacallının barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər