11 Aprel 2019 17:39
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qayınanasını öldürməkdə, arvadına ağır xəsarət yetirməkdə təqsirləndirilən Cəsarət İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Cəsarət isgəndərovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, hadisə Nərimanov rayonunun Əliyar Əliyev küçəsində qeydə alınıb.

Bakı şəhər sakini Cəsarət İsgəndərov qayınanası Fəhminə İsgəndərovanı ürəyindən bıçaqlayaraq öldürüb. Daha sonra həyat yoldaşı Leyla İsgəndərovaya çoxsaylı bıçaq xəsarətləri yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, həyatını xilas etmək mümkün olub. Hadisə ailə münaqişəsi zəminində törədilib.

Avqustun 29-da axşam saatlarında Cəsarət arvadı ilə barışmağa gəlib. Amma Leyla barışmaqdan imtina edib.

Bu səbəbdən onların arasında mübahisə yaranıb.

Mübahisəni eşidən Fəhminə qızını öz yaşadığı evə çağırıb. Həyat yoldaşının ata evinə getdiyini eşidən Cəsarət İsgəndərov əsəbləşib, o da həmin evə yollanıb.

Orada mübahisə edən Cəsarət İsgəndərov sonda ağır cinayəti törədib.

Cəsarət İsgəndərov hadisə yerindən qaçsa da, polisin keçirdiyi əməliyyat nəticəsində yaxalanması mümkün olub. İstintaqa ifadəsində hadisəni sərxoş vəziyyətdə törətdiyini və əməlindən peşman olduğunu söyləyib.

Cəsarət İsgəndərovun Leyla ilə birgə nikahından 3 aylıq qızı var.

Cəsarət İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cəsarət İsgəndərov ailəsindəki problemlərin səbəbkarının qayınanası Fəhminə olduğunu deyib.

Cəsarət İsgəndərov bildirib ki, qayınanası işə qarışmadığı müddətdə ailəsi ilə çox xoşbəxt olub: “Qayınanam şəxsi işlərimizə qarşıb söz-söhbət yaradırdı. Dolanışığımız yaxşı idi, günə 50-80 manat qazanırdım. Çox nadir hallarda pulsuz evə qayıdardım. Yoldaşımla heç bir problemimiz yox idi”.

Cəsarət İsgəndərov qeyd edib ki, evlənəndə arvadı Leyla ilə şərt kəsib: “Şərtimiz belə oldu ki, yoldaşım harasa gedəndə mütləq mənə xəbər edəcək. Yoldaşım belə də edirdi, lakin qayınanam yenə problem yaradırdı. Çünki o, yoldaşımı özü ilə aparırdı.

Qaynanam deyirmiş ki, Cəsarət işdən gec gəlir, bilməyəcək. Nişanlı vaxtlarımızda da belə söz-söhbət olurdu. Sonra mehribançılıq yaranırdı”.

Hadisənin baş verməsindən danışan Cəsarət İsgəndərov qeyd edib ki, həmin gün içkiliymiş deyə etdiklərini tam xatırlamır: “Həmin ərəfədə artıq münasibətlər tam pisləşmişdi. Yoldaşım hamilə olanda anasıgildə qaldı. Mən də darıxırdım, bizdə qalmasını təklif etdim. Lakin anası razı olmadı, mən də heç nə demədim.

Artıq bıçaq sümüyə dirənmişdi. Qayınanam məni saymırdı. Bir o qalmışdı ki, kişiliyimi də əlimdən alsın. Yoldaşımı evimizə buraxmırdı. Bir neçə dəfə axşam saat 11-də işdən çıxıb onlara getdim. Dedi ki, bir də 10-dan gec gəlsən, evə buraxmayacağam”.

Cəsarət İsgəndərov söyləyib ki, qayınanası arvadını axşamlar şəhərə çıxmağa da imkan verməyib: “Bir müddət belə davam elədi. Bir qədər keçəndən sonra qayınanamla aramızda mübahisə düşdü, söyüş söydü. Mən də onu söydüm. Gecə çox içdim. Qayınanama zəng elədim, yenə məni təhqir elədi. Evlərinə getdim. Sonra nə etdiyimi xatırlamıram”.

Cəsarət İsgəndərov ifadəsində törətdiyi əməlinə haqq qazandırmayıb. O, törətdiyi əmələ görə Allahdan bağışlanmasını istəyib, peşman olduğunu söyləyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər