12 Aprel 2019 14:19
2 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Füzuli rayon sakini, 1983-cü il təvəllüdlü Sənan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sənan Quliyev arvadı Vüsalə Hüseynova ilə rəsmi nikahlarının ləğvindən ötrü öz anası və qayınanası ilə birlikdə Nizami rayon məhkəməsinə, daha sonra Nizami rayon qeydiyyat şöbəsinə gedib.

Orada onlara nikahın bağlanması haqqında şəhadətnamənin surətini və yaşayış yerindən arayış təqdim etmələri, uşaqları olmadığı halda isə nikahın ləğv edilməsi üçün “Asan Xidmət” mərkəzinə müraciət edə biləcəkləri izah olunub.

Onlar birlikdə Xətai rayonunda yerləşən “Asan Xidmət” mərkəzinə gediblər. Yolda söhbət zamanı Sənan həyat yoldaşının ondan ayrılmaq fikrinin qəti olduğunu öyrənib. Bu səbəbdən Vüsaləni öldürmək qərarına gəlib.

O, hadisə günü təmirə verdiyi avtomaşınından sənədləri götürmək adı ilə Nizami rayonu, M.Əliyev küçəsində yerləşən avtomaşın bazarının yanında arvadı və digər qohumlarından ayrılıb. Tək avtotəmir sexinə gəlib, orada sənədləri və avtomaşında saxladığı bıçağı götürüb.

Arvadı və qohumlarının yanına qayıdan Sənan onlarla birlikdə Xətai rayonu ərazisində yerləşən “Asan Xidmət” mərkəzinə gedən 32 saylı marşrut avtobusuna əyləşmək üçün “Meridian” şadlıq evi istiqamətində piyada hərəkət ediblər.

Sənan Vüsalədən ayrılmaq fikrinin olub-olmamasını bir daha xəbər alıb. Vüsalə fikrinin qəti olduğunu təkrarladıqda cavabdan hiddətlənən Sənan bıçağa əl atıb. Həyat yoldaşına anasının gözləri qarşısında çoxsaylı zərbələr vurub.

Anası və qayınanası Vüsaləni xəstəxanaya çatdırıblar. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Polis Sənanı həbs edib.

İstintaq orqanı tərəfindən Sənan Quliyevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sənan Quliyev arvadı Vüsalənin ondan boşanmaması üçün dilə tutduğunu deyib: “Həmin vaxt arvadımı qucaqladım və barışmağı təklif etdim. Lakin qayınanam Vüsalənin artıq arvadım olmadığını və ona yaxın durmamağımı söylədi. Bu səbəbdən mübahisə etməyə başladıq. Vüsalə də həmin vaxt anasının tərəfini saxladı”.

Təqsirləndirilən şəxs deyib ki, bu vaxt Vüsalənin mobil telefonuna zəng gəlib: “Artıq bir neçə ay ərzində arvadımın başqa adamla əlaqə saxladığını və məhz buna görə də mənimlə barışmaq istmədiyini zənn etdim. Vüsalədən ona kimin zəng etdiyini soruşdum.

Qayınanam Vüsalənin əvəzinə cavab verdi. Bildirdi ki, zəng edən Vüsaləni saxlayan şəxsdir. Bu vaxt Vüsalə də mənimlə mübahisə etməyə başladı. Qayınanamın sözləri mənə pis təsir etdi. Bərk əsəbiləşdiyimə görə şalvarımın belindən bıçağı çıxardım və bir neçə dəfə Vüsaləyə vurdum. Anam və qayınanan qışqırıq səsinə bizim aramıza girdilər. Onlar məni Vüsalədən aralayaraq kənara itələdilər”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vüsalə Hüseynova bildirib ki, boşanmaq üçün “ASAN” xidmətinə gedərkən yolda Sənan barışmağı təklif edib: “Sənan əlləri ilə mənim bədənimə toxundu və buna görə anam öz iradını bildirdi. Sənan isə “öz arvadımdır, özüm bilərəm” deyərək anama cavab qaytardı.

Bundan sonra Sənan boşanıb-boşanmamaq məsələsini təkrar məndən soruşdu. Mən isə ondan ayrılmaq barədə fikrimin qəti olduğunu dedim. Sənan “mənim olmasan, heç kimin olmayacaqsan” deyib qəfil hücum etdi. Əlində olan bıçaqla bədənimə zərbələr endirməyə başladı. Bıçaqla ilk dəfə sinəmdən, sonra isə sol qoluma vurdu. Həmin zərbələrdən yerə yıxıldım.

Sənan ətrafımda fırlanaraq yıxılmış vəziyyətdə yenə də mənə bir neçə dəfə bıçaqla vurdu. Anam və qayınanam onu məndən ayırdı. Bundan sonra bir qədər aralanaraq əlində həmin bıçaq səkinin üzərində əyləşdi. Sənan mənim həyat yoldaşım olduğuna görə onu bağışlayıram”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Quliyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Sənan Quliyev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Sənan Quliyevin apelyasiya şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Sənan Quliyev kasasiya şikayəti verib.

Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada Sənan Quliyevin şikayəti qismən təmin olunub.

Onun cəzası 11 il 3 aya endirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər