Bakıda iki nəfərin ölümündə təqsirli bilinən Astara rayon sakini, 59 yaşlı Aydın Qəhrəmanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Aydın Qəhrəmanovun apelyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Aydın Qəhrəmanov qətlə yetirilən Aidə Yəhyayevaya və onun bacısına öldürmək məqsədilə deyil, müalicə üçün dərman verdiyini apelyasiya şikayətində göstərib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
İttihamda göstərilir ki, Aydın Qəhrəmanov Aidə Yəhyayeva ilə qeyri-rəsmi yaşayıb. O, Aidənin bacısı Naziləyə məxsus 4 otaqlı mənzili ələ keçirmək niyyətinə düşüb. Onun bu niyyətindən Aidənin digər bacısı İndira duyuq düşüb. Buna görə də İndira ilə Aydın Qəhrəmanovun arasında narazılıq yaranıb. O, qeyri-rəsmi həyat yoldaşı Aidədən bacısını evə buraxmamağı tələb edib.
Türkiyədə yaşayan Nazilə Yəhyayeva Bakıya gələndə mənzilin ondan xəbərsiz satılması ilə bağlı Aidə ilə mübahisə edib. O, Aydın Qəhrəmanov barəsində Yasamal Polis İdarəsinin 29-cu bölməsinə müraciət edib.
Bölmədə şikayətin araşdırması gedən vaxtda Aydın Qəhrəmanovun Aidənin qardaşı qızı Samirə ilə də münasibətləri gərginləşib. Buna görə də o, bir neçə ay Aidədən uzaqlaşıb.
2008-ci ildən yenidən Aydın Qəhrəmanovun Aidə ilə münasibətləri düzəlməyə başlayıb. Həmin il ərzində Aydın Qəhrəmanov Naziləyə məxsus evi ələ keçirmək məqsədilə Aidəni zəhərləyərək öldürmək qərarına gəlib. O, istintaqa məlum olmayan mənbədən dərman əldə edib və evə gətirib. Dərmanı yuxugətirici kimi Aidəyə təqdim edib, onu Aidə və Samirəyə içirib. Aidə və Samirə zəhərlənmə diaqnozu ilə Əfəndiyev adına 2 saylı xəstəxanaya yerləşdiriliblər.
Sentyabrın 7-də Samirə xəstəxanada ölüb. Aidənin isə vəziyyəti bir müddət ağır olub. Vəziyyətdən istifadə edən Aydın Qəhrəmanov Naziləyə məxsus 175 min manatlıq mənzili 120 min manata Mərifət Sultanova satıb. Aidə sentyabrın 18-də dünyasını dəyişib.
Xatırladaq ki, 2008-ci ildə Aidə və Samirə Yəhyayevaların ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 6 ilə yaxın davam edən istintaqın sonunda Aidə və Samirənin intihar məqsədilə dərman içmədikləri məlum olub.
İstintaq onları Aydın Qəhrəmanovun zəhərləməsi nəticəsinə gəlib. Aydın Qəhrəmanov 2013-cü il avqustun 27-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham edilib.
Onu da əlavə edək ki, Aydın Qəhərmanov əvvəllər musiqi ifaçısı olub.
2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Qəhrəmanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Aydın Qəhrəmanov apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Aydın Qəhrəmanovun apelyasiya şikayəti təmin edilməyib.
Bu qərardan narazı qalan Aydın Qəhrəmanov kasasiya şikayəti verib. Ali Məhkəmə işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.