Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun daha bir cinayəti açıqlanıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, sabiq nazirin köməkçisi olan və MTN-də müxtəlif vəzifələrdə çalışan Vüqar Mahmudov mütəşəkkil dəstə tərkibində Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyindəki “Azalternativenerji” MMC-nin mühasibi Tural İsgəndərli barəsində rəsmi surətdə qeydə alınmış hər hansı araşdırma materialı, əməliyyat məlumatı, ərizə və ya siqnal işi olmadığı halda ona qarşı hədə-qorxu gəlib.
İstintaq sənədlərinə görə, Tural İsgəndərli 2013-cü ilin mayında “N” saylı hərbi hissədə hərbi xidmətdə olan qardaşı Murad İsgəndərliyə baş çəkməyə gedib, hərbi hissənin ərazisində avtomat silahla şəkil çəkdirməsinə dair faktı Vüqar Mahmudov və dəstənin digər üzvləri önə çəkiblər.
Vüqar Mahmudov Tural İsgəndərliyə hədə-qorxu gələrək, ondan külli miqdarda pul tələb etmək məqsədilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Xəzər rayon şöbəsinin sabiq rəisi Rafiq Səfərov ilə cinayət əlaqəsinə girib.
Vüqar Mahmudov məsələni Rafiq Səfərovla müzakirə edəndən sonra həmin şöbənin əməkdaşları tərəfindən Tural İsgəndərli Binəqədi rayonu ərazisində “İN Club” iaşə obyektindən zorla götürülüb.
Daha sonra onu MTN-in Pirallahı şöbəsinin sabiq rəisi Vüqar Süleymanova məxsus “Nissan Patrol” markalı avtomaşınla Xəzər rayon şöbəsinin inzibatı binasına aparıblar.
Orada Tural İsgəndərlinin bir neçə saat qanunsuz saxlayıblar. Onu cinayət məsuliyyətinə cəlb ediləcəyi, barəsində həbs qətimkan tədbiri seçiləcəyi, rüsvayedici məlumatları yayacaqları ilə hədələyiblər.
Vüqar Mahmudovun başçılıq etdiyi mütəşəkkil dəstənin üzvləri Tural İsgəndərlinin azad olunması üçün 50 min manat tələb ediblər, MTN-in Pirallahı rayon şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Kamil Seyidov vasitəsi ilə ondan 10 min ABŞ dolları, 500 manat alıblar.
Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.